Elmi Şuranın növbəti iclası keçirilib – Universitetdə magistr təhsili və elmi-tədqiqat işlərinin planı barədə hesabatlar dinlənilib


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi Şuranın ənənəvi formatda növbəti iclası keçirilib.

Elmi Şuranın sədri professor Gülçöhrə Məmmədova gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib və gündəlik şura üzvləri tərəfindən təsdiq olunduqdan sonra Magistratura mərkəzinin direktoru dosent Rövşən Səmədov “Magistr təhsilinin inkişafı istiqamətində  fəaliyyətin nəticələri və perspektiv planı” mövzusunda məruzə ilə çıxış edib. Rövşən Səmədov qeyd edib ki, universitetdə magistratura təhsilinin  inkişafı istiqamətində davamlı işlər görülür, həyata keçirilən islahat xarakterli tədbirlər müsbət göstəricilərin əldə olunmasını təmin edir. Magistr proqramlarının keyfiyyətinin artırılması və beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi sahəsində mühüm işlər aparılır. Bu fəaliyyətin nəticələrini Elmi Şura iştirakçılarının diqqətinə çatdıran mərkəz direktoru qarşıda duran mühüm işlərdən də danışıb.

Elmi Şuranın iclasında gündəliyə uyğun olaraq Sosial iqtisadiyyat və təsərrüfat fəaliyyəti komissiyasının sədri professor Məhəbbət Məmmədovun hesabatı dinlənilib. “Sosial-iqtisadi və təsərrüfat fəaliyyəti komissiyasının 1 illik hesabatı”nı təqdim edən professor görülən işlər və nəticələr barədə söhbət açıb. 

Sonra Elm və innovasiya işləri üzrə prorektor professor Nigar Aslanovanın “AzMİU-da 2024/2026-cı illərdə aparılacaq elmi-tədqiqat işlərinin planı” barədə hesabat çıxışı dinlənilib. Prorektor söyləyib ki, AzMİU-da yuxarıda qeyd olunan müddətdə aparılması nəzərdə tutulan elmi-tədqiqat işləri günümüzün müasir və aktual prioritet istiqamətləri üzrə həyata keçiriləcək və bu fəaliyyət planı müasir dünya elminin inkişaf tendensiyaları ilə uzlaşdırılaraq aparılacaq. 

Hesabatlar bitdikdən, məsələlər şura üzvləri ilə müzakirə edildikdən və yekdil qərarlar qəbul olunduqdan sonra rektor G.Məmmədova bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.

Elmi Şura cari məsələlərin müzakirəsi ilə başa çatıb.

30-05-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]