AzMİU-nun professoru Azər Qasımzadə “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi” konfransında çıxış edib
Bakıda “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi” mövzusunda konfrans keçirilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetini(AzMiU)konfransda Zəlzələ Mühəndisliyi Elmi Tədqiqat Mərkəzinin rəhbəri, rektorun müşaviri professor Azər Qasımzadə təmsil edib.
Alim konfransda “Azərbaycanda tikinti tipologiyaları və onların əsas xüsusiyyətləri (tikinti illəri, texniki şərtlər, istifadə olunan materiallar və ümumi paylama)” və “Azərbaycanda binaların baş verəcək zəlzələlərə dözümlülüyü " mövzularında məruzələrlə çıxış edib.
Azərbaycan Respublikası Mərkəzi Bankının və İcbari Sığorta Bürosunun təşkilatçılığı, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Türkiyənin “T-RUPT” texnoloji şirkətinin, Sakarya Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin dəstəyi ilə keçirilən konfransda Azərbaycan və ətraf bölgələrin seysmoteknik quruluşu, zəlzələ aktivliyi, ölkəmizdə inşa olunan bina tipləri və onların zəlzələyə qarşı dözümlülüyü məsələləri müzakirə olunub.
Peşəkar akademik tədqiqatçılar, alimlər, mühəndislər və sektor mütəxəssisləri ilə birgə konfransın mövzusuna uyğun olaraq bilik və təcrübələr bölüşülüb, həmçinin, risklərin rasional çərçivədə sığorta şirkətlərinə ötürülməsi istiqamətində fikir mübadiləsi aparılıb.