Şimali Kipr Türk Cümhuriyyətinin ali təhsil sahəsi üzrə nümayəndə heyəti ölkəmizdə səfərdədir
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Ali Təhsilin Planlaşdırılması, Nəzarət, Akkreditasiya və Koordinasiya Şurasının (YÖDAK) rəhbəri Aykut Hocanın, eləcə də ŞKTC-nin 9 nüfuzlu ali təhsil müəssisəsinin rektor və prorektorları 28–30 may tarixlərində ölkəmizdə səfərdədirlər.
Mayın 29-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) iki ölkə arasında ali təhsil və elm sahəsində əlaqələrin inkişafı, mövcud imkanların dəyərləndirilməsi məqsədilə nümayəndə heyəti ilə görüş təşkil olunub.
Görüşdə EATDA-nın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov ölkəmizdə ali təhsilin beynəlmiləlləşməsi, türk dövlətləri arasında elm və təhsil sahəsində əməkdaşlığın vacibliyi, eləcə də “Orhun” mübadilə proqramının əhəmiyyətindən danışıb.
Sonra çıxış edən AzMİU-nun rektoru Gülçöhrə Məmmədova, YÖDAK-ın rəhbəri Aykut Hocanın və digər iştirakçılar əməkdaşlıq imkanlarından düzgün faydalanmağın, həmçinin ali təhsil və elmin beynəlmilləşməsi istiqamətində səylərin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.