Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri – AzMİU alimləri beynəlxalq konfransda məruzələrlə çıxış ediblər


AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 3-cü beynəlxalq konfrans (PLMO 2024) keçirilib. Konfransda Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri akademik Telman Əliyev və kafedranın professoru Nailə Musayeva təmsil edib. 
 
Konfrans İdarəetmə Sistemləri İnstitutu, Polşanın Sileziya Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunun (IEEE) təşkilatçılığı, AR Elm və Təhsil Nazirliyinin, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Çinin Guangzhou Universitetinin, İnformasiya Texnologiyaları İnstitutunun və Şamaxı Astrofizika Rəsədxanasının dəstəyi ilə hibrid formatda baş tutub.

Geniş coğrafi arealı əhatə edən konfransda Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri, həmçinin 14 xarici ölkənin, o cümlədən Polşa, Bolqarıstan, ABŞ, Macarıstan, Hindistan, Sloveniya, Makedoniya, Türkiyə, Ukrayna, Belarus, Çin, Serbiya, Gürcüstan və Özbəkistanın alim və tədqiqatçıları iştirak ediblər.

Konfransın əsas məqsədi isə elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirib Şərq - Qərb Nəqliyyat Dəhlizi ilə yüklərin daşınması üçün təchizat zəncirində olan elmi və praktiki problemləri müzakirə etmək olub.

Konfransın açılış tədbirində çıxış edən İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov “Dövlət-Özəl-Akademik” əməkdaşlıq modeli çərçivəsində həyata keçirilən və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhliz ölkələri arasında təhlükəsizlik, tənzimləmə və elmi-texniki məsələlərin həllinə istiqamətlənən beynəlxalq konfransın önəminə toxunub.

Sonra Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, general-mayor Qulu Novruzov və digərlərinin çıxışları dinlənilib. 

Daha sonra konfrans öz işinə plenar sessiya və seksiyalarla davam edib. Plenar sessiyada kafedra müdiri akademik Telman Əliyevin təqdimatında “İntellektual texnologiyalar və sistemlərdən istifadə etməklə Şərq-Qərb nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsi üsulları” mövzusunda məruzəsi dinlənilib. Həmçinin AzMİU-nun professoru Nailə Musayevanın da məruzəsi yer alıb.
 
Qeyd edək ki, beynəlxalq konfransa ümumilikdə 154 məruzə təqdim edilmiş, onlardan 89-u qəbul edilmişdir. Seçilmiş məruzələrin “IEEE Xplore” elektron kitabxanasına daxil edilməsi nəzərdə tutulur.
 

29-05-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]