Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasında elmi seminar keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasının təşkilatçılığı ilə elmi seminar keçirilib.
Seminarda Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasının müdiri dosent İlqar Əliyev “Rekonstruksiya olunan mürəkkəb qaz kəmərlərinin qəza yerlərinin təyinin yeni üsulunun tədqiqi” mövzusunda geniş məruzə ilə çıxış edib.
İlqar Əliyev yuxarıda adıçəkilən mövzu üzrə danışarkən qeyd edib ki, texniki istismar şərtlərinə əsasən qeyri-stasionar proseslərin öyrənilməsi və başverən fiziki proseslərin idarə edilməsi üçün həll edilə bilən riyazi ifadələrin əldə olunması vacib amillərdən biridir. Bu məqsədlə, tədqiqatda qeyri-stasionar modellərdən də istifadə olunub.
Qaz kəmərində qeyri-stasionar qaz axınını təsvir edən tam tənliklər sisteminin ədədi həllinə əsaslanan riyazi modelləşdirmədən istifadə edən İlqar Əliyev söyləyib ki, tədqiqat obyekti təkcə şəbəkənin özü deyil, həm də bağlama armaturları və əlaqələndiricilər olduğundan, kütlənin saxlanması, dəyişmə tənliklərindən ibarət tam qazo-dinamik tənliklər sistemi nəzərə alınaraq aparılıb.
Kafedranın əməkdaşları və gənc tədqiqatçıların iştirak etdiyi elmi seminarda məruzə ilə bağlı müzakirələr aparılıb, İlqar Əliyev tərəfindən onları maraqlandıran suallar cavablandırılıb.