AzMİU-nun nümayəndələri 4 rayonun məktəbliləri ilə görüşdü
Təbliğat-təşviqat qrupu Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının məktəbliləri ilə görüşüb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təbliğat-təşviqat qrupunun Bakı və regionlarda yerləşən ümumtəhsil məktəblərinin şagirdləri ilə faydalı görüşləri davam edir. Mil – Muğan Regional Təhsil İdarəsinə tabe olan Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının məktəblərinə ezam olunan universitet əməkdaşları yuxarı sinif şagirdləri ilə ünsiyyətdə olub, AzMİU-nun tanıtımını həyata keçiriblər.
Region məktəbliləri ilə görüşlərdə AzMİU-nun Təbliğat-təşviqat qrupunun üzvləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Surxay Əliyev, Tərsimi həndəsə və mühəndis qrafikası kafedrasının müdiri Kazım Şərifov, SABAH Mərkəzinin əməkdaşı Rəna Cəbrayılova, Materialşünaslıq kafedrasının əməkdaşı Cəmalə Cəbrayılova iştirak edib.
Görüşlərdə AzMİU-da tələbələrə yaradılan şəraitdən danışılıb, memarlıq, inşaat və mühəndislik yönümlü ixtisasların üstünlükləri, perspektivləri, karyera məsələlərinə aydınlıq gətirilib. Universitetə qəbul qaydaları, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri, tələb olunan əsas göstəricilər, eyni zamanda ikili diplom proqramları və müraciət qaydaları, ixtisaslar üzrə ölkə daxili və xarici təcrübə şansları, qəbul qrupları, keçid balları, təhsil haqqı məsələləri, universitetdə tədris olunan dillərdən söhbət açılıb. Universitet şəhərciyi və burada tələbələrin asudə vaxtının dəyərləndirilməsi məqsədi ilə yaradılan unikal şəraitdən bəhs olunub.
Görüş zamanı danışılan məsələlərlə bağlı abituriyentlərin sualları cavablandırılıb, ixtisas seçimində çətinlik çəkənlərə dəyərli məsləhətlər verilib.
Görüşlərdə AzMİU-nun tanıtım videoçarxı təqdim olunub, yekunda zalda əyləşən şagirdlərə universitet haqqında məlumatların əks olunduğu bukletlər paylanılıb.