İstedadlı tələbəmiz Aylin Bayramovanın “Rəssamdan memara kimi” adlı fərdi sərgisi açılıb


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMiU) Sərgi Salonunda Memarlıq fakültəsinin II kurs tələbəsi Aylin Bayramovanın “Rəssamdan memara kimi” adlı ilk fərdi yaradıcılıq sərgisi açılıb.

Sərgidə tələbəmizin fəal yaradıcılıq dövrünün bir neçə ilində yaratdığı yağlı boya, batika, akvarel, akril və karandaşla işlənmiş 37 rəsm, 2 layihə işi, eləcə də müxtəlif zamanlarda əldə etdiyi diplom və sertifikatlar da nümayiş etdirilib.

Sərginin açılışından öncə Tarixi Muzeyin direktoru Gülmira Məmmədova gənc memar haqqında qısa məlumat verib. O, bildirib ki, lap kiçik yaşlarından etibarən rənglərin sehrinə düşən tələbəmiz Aylinin bacarığı rəsmlərlə yekunlaşmır. Aylin fortepiano çalır, yerli və xarici rəqsləri ifa edir, aktrisalıq fəaliyyəti ilə məşğul olur. Memarlıq fakültəsinin aktiv tələbəsi kimi də seçilir. Universitetin daxilində, o cümlədən universitetdən kənar tədbirlərə də qatılır. O, bu ilin martında Rusiyada keçirilən Dünya Gənclər Festivalında Azərbaycanı layiqli təmsil edərək, mədəniyyətimizi, “Sarı gəlin” rəqsimizi xarici ölkələrdən gələn gənclərə tanıdaraq onlarda ölkəmiz barədə müsbət təəssürat yaradıb.

Sərginin özəlliyinə toxunan Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova nümayiş olunan sənət əsərlərini gənc memarın yaradıcı dünyasından süzülüb gələn hislərin ahəngi kimi xarakterizə edib. 

Memarın müəllimləri Təsviri incəsənət kafedrasının əməkdaşı Camal Vəlibəyov, Memarlıq konstruksiyaları və abidələrinin bərpası kafedrasının əməkdaşı Vəfa Cəfərova istedadlı və bacarıqlı gəncin fəaliyyətindən söz açıb, sərgi ilə bağlı təəssüratlarını bölüşüblər. Sonda Aylinə yaradıcılıq həyatında yeni-yeni uğurlar, təhsilində müvəffəqiyyətlər arzulayıblar. 

Çıxış edən gənc memar Aylin Bayramova sərginin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkür edib, onları sərgiyə baxmağa dəvət edib.  

Sonra sərginin rəmzi açılışını bildirən qırmızı lent kəsilib, qonaqlar sərgi ilə yaxından tanış olublar. Sərgiyə baxış keçirənlər Aylinin “Rəng sənəti”, “Xəyallardan at”, “Lalə”, “İştahaçan yay”, “Venesiya”, “Günəbaxan” əsərlərini xüsusi maraqla izləyiblər.
 

24-05-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]