AzMİU-dan daha bir uğur – Memarlıq fakültəsi növbəti 5 il müddətinə nüfuzlu RİBA akkreditasiyasından keçdi
Memarlıq təhsili üzrə dünyaca məşhur olan, nüfuzlu Britaniya Memarlarının Kral İnstitutu (RİBA) tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlıq fakültəsi növbəti 5 il müddətinə akkreditasiyadan keçdi.
Bununla əlaqədar olaraq RİBA-nın ekspertlərindən (professor Karl Meddinqs, professor Frazer Bufton, professor Alida Bata və memar Stefani Bizli-Suffolkdan) ibarət nümayəndə heyəti AzMİU-da səfərdə oldu.
Ekspertlər Memarlıq fakültəsində tədrisin keyfiyyəti, maddi-texniki baza, professor-müəllim heyəti, təhsil mühiti, bir sözlə memarlıq ali təhsili üzrə zəruri olan bütün istiqamətlərdə təhlillər apardılar və nəticəni müsbət qiymətləndirdilər. Beləliklə Memarlıq fakültəsi növbəti 5 il müddətinə nüfuzlu RİBA akkreditasiyasını əldə etdi.
Akkreditasiya komissiyası fakültənin beynəlxalq əlaqələrini, tədris metodikasını, müəllim-tələbə əlaqələrini, tədris mühitini və tələbələrin layihələrindən ibarət sərgiləri xüsusilə yüksək qiymətləndirdi.
Bu o deməkdir ki, memarlıq üzrə AzMİU-da ali təhsilin səviyyəsi dünyanın qabaqcıl universitetləri ilə rəqabət aparacaq səviyyədədir. Bundan əlavə, ixtisasın beynəlxalq akkreditasiyası məzunlara yenidən sərhədsiz iş imkanı da yaratdı. Belə ki, diplom əlavəsi kimi məzunlara təqdim olunacaq akkreditasiya sənədi beynəlxalq arenada yüksək təhsil sertifikatı kimi qəbul olunur.
Xatırladaq ki, AzMİU MDB məkanında ilk dəfə 2019-cu ildə 5 il müddətinə RİBA akkreditasiyasından keçib. Qlobal arenada böyük nüfuza malik RİBA kimi beynəlxalq təşkilatın akkreditasiyasından uğurla keçən AzMİU bundan sonra Kembric, London Memarlar Məktəbi, Qlazqo İncəsənət Məktəbi, eyni zamanda İspaniya, Fransa, Çin, Cənubi Koreya, Danimarka, Polşa və digər ölkələrin memarlıq təhsili verən ali məktəbləri ilə bir sırada dayanır.
Qeyd edək ki, universitetdə digər ixtisaslar üzrə təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və beynəlxalq akkreditasiyadan keçirilməsi AzMİU-nun strateji hədəfləri sırasındadır. Bununla əlaqədar olaraq universitetin müvafiq struktur-bölmələri tərəfindən aktiv iş aparılır.