“Code Marketing” Təlim Tədris Mərkəzinin müəllimi MİT fakültəsinin tələbələrinə seminar keçib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika və informasiya texnologiyaları fakültəsində “Code Marketing” Təlim Tədris Mərkəzinin müəllimi və “Brainpriz” şirkətinin baş proqramçısı Hidayət Hidayətov tərəfindən seminar keçirilib.
Seminar Universitetin İnformasiya texnologiyaları və sistemləri kafedrası və Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə gərçəkləşdirilib.
Seminarda İnformasiya texnologiyaları ixtisası üzrə təhsil alan tələbələrlə yanaşı İnformasiya texnologiyaları və sistemləri kafedrasının müəllimləri, fakültənin TEC-in sədr müavini Məryəm Məmmədli də iştirak edib.
Seminarın təlimçisi Hidayət Hidayətov tələbələrə veb inkişafı ilə bağlı keçdiyi seminarda müxtəlif mövzulara toxunub, HTTP-nin mahiyyətindən, domenlər və onların işləmə prinsipindən, eyni zamanda Git və GitHub vasitəsilə versiya idarəetməsinin əhəmiyyətindən söhbət aparıb, front-end ilə back-end inkişafı arasındakı fərqləri izah edib.
Ən son texnologiyalar və alətlər barədə məlumatlar da verən təlimçi veb təhlükəsizliyi mövzusuna toxunaraq, təhlükəsizlik tədbirlərinin əhəmiyyətini vurğulayıb.
Seminarın sonunda Hidayət Hidayətov iştirakçıların mövzu ilə bağlı suallarını cavablayıb, təcrübə və biliklərini bölüşüb, veb inkişafı sahəsində uğurlu olmaq üçün praktiki məsləhətlər verib.