Tələbələrimiz “Mutfakçı” mebel brendinin şourumunu gəzib, mebel konseptlərinin qeyri-adi obraz həllərinə şahidlik ediblər
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn fakültəsinin tələbələri “Mutfakçı” mebel brendinin şourumunda ekskursiyada olub.
Mühit dizaynı kafedrasının "Layihələndirmə-3" fənni üzrə əyani-dərs proqramına uyğun olaraq həyata keçirilən ekskursiyada tələbələrimiz şourumda nümayiş olunan mətbəxt mebelləri, ultramüasir materiallar, aksessuarlarla tanış olublar. Kafedranın müəllimləri Nərgiz Ağayeva və Təranə Əbdülrəhimovanın rəhbərliyi ilə təşkil olunan ekskursiyada tələbələrimiz “Mutfakçı” mebel brendinin təsisçisi, iqtisad elmlər namizədi İlkin Manafovla ünsiyyətdə olublar. Yaradıcısı olduğu brendin tarixi, xidmət göstərdiyi istiqamət barədə tələbələrə məlumat verən İlkin Manafov qeyd edib ki, şirkət Azərbaycan və ölkə hüdudlarından kənarda ultramüasir mətbəx mebeli təmayülləri, onların mükəmməl dizayn həlli, tətbiqi və icrası üzrə ən önəmli yerlərdən birini tutur. Müasir texnologiyaların tətbiqi ilə ərsəyə gələn mebellərin xammalı Avropadan gətirilir, yığılma, istehsal tərəfləri Azərbaycanda aparılır.
Tələbələrlə birgə məkanı gəzən İlkin Manafov şourumda nümayiş olunan mebel konseptlərinin qeyri-adi obrazda həlli, funksional təchizatı, inanılmaz məkan və tətbiq imkanları ətrafında danışıb.
Sonda İlkin Manafov gənc dizaynerləri 30 may tarixində özünün təşkilatçılığı ilə ilk dəfə Azərbaycanda keçiriləcək "İnteryer - Mebel" forumuna dəvət edib.