"Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi" mövzusunda elmi-peşəkar konfrans keçiriləcək
22-23 may 2024-cü il tarixlərində Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Memarlıq və İnşaat Universiteti, T-rupt və digər əhəmiyyətli qurumların iştirakı və dəstəyi ilə "Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi" konfransı keçiriləcək.
Fairmont Oteldə gerçəkləşəcək "Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi" mövzusunda elmi-peşəkar konfransın əsas məqsədi Azərbaycanda mövcud binaların dəyərləndirilməsi və sığorta parametrlərinin müzakirəsi olacaq.
Konfrans, binaların dayanıqlılığı və maliyyə sistemlərinin fəlakətlərə qarşı hazırlıqlı olma səviyyəsini artırmaq yönümündə əhəmiyyətli müzakirələrə ev sahibliyi edəcək. Konfransda bu sahədəki peşəkar akademik tədqiqatçılar, alimlər, mühəndislər və sektor mütəxəssisləri bir araya gələrək bilik və təcrübələrini paylaşacaqlar.
Türkiyədən Boğaziçi Universiteti Zəlzələ Araşdırma Mərkəzinin rəhbəri professor Mustafa Erdik "Zəlzələ riski və onun azaldılması", Azərbaycan Memarlıq və İnşaat Universiteti, Zəlzələ Mühəndisliyi Elmi Tədqiqat Mərkəzinin rəhbəri professor Azər Qasımzadə "Azərbaycanda bina tipləri və zəlzələ performansları", Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) rəhbəri professor Qurban Yetirmişli "Azərbaycanın Zəlzələ Aktivliyi" mövzularında məruzələr edəcəklər. Konfransda digər mütəxəssislərin də məruzələrinin dinlənilməsi nəzərdə tutulub.
Konfransın məqsədinə uyğun olaraq əldə ediləcək nəticələr layihə, tikinti, sığorta, tikinti maliyyə qurumları və əlaqəli digər quruluşların katastrofik risklərə qarşı dayanıqlı maliyyə sığorta şərtnamələrinin hazırlanmasına imkan verəcək.