Tələbələrimiz “GlassTech Azerbaijan” şirkətinin şourumunda ekskursiyada olublar


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbələri şüşə sənayesində öz məhsulları ilə seçilən “GlassTech Azerbaijan” şirkətinin şourumunda ekskursiyada olublar. 

Mühit dizaynı kafedrasının təşkilatçılığı ilə həyata keçirilən ekskursiyada tələbələr məkanın ərazisini gəzib, şirkət rəhbərliyi və əməkdaşlarla ünsiyyətdə olub, şirkətin istehsal etdiyi məhsullarla maraqlanıblar.

Bildirilib ki, “GlassTech Azerbaijan” – yerli istehsal şirkəti olaraq ticarət, mənzil və daxili interyer, şüşə emalı, şüşə məmulatları istehsalı və ikiqat şüşəli pəncərələr istehsalı bazarında lider şirkətdir. Şirkət hər zaman yenilikləri və təqdim etdiyi məhsulların keyfiyyəti ilə seçilməyi bacarır. 13 ildir ki, mürəkkəb və genişmiqyaslı layihələr hazırlayaraq müştərilərin fərdi fikirlərini həyata keçirməyə kömək edir. Müştərilərə daha yüksək xidmət göstərməyi hədəf seçən “GlassTech Azerbaijan” sifarişlərin vaxtında və tez çatdırılması məqsədi ilə istehsalatın idarə olunmasında şüşə sənayesinə xas olan müasir kompüter proqramlarından (ERP) istifadə edir. 

Qeyd edək ki, 161a2 qrupunun tələbələrinin iştirak etdiyi ekskursiya “Layihələndirmə-3" fənnindən “İstehsal mühitinin dizayn layihələndirməsi" kurs layihəsi ilə bağlı, Bakı şəhəri və ondan kənar ərazidə fəaliyyət göstərən sənaye və istehsal zonalarına planlaşdırılan gəzintilər çərçivəsində həyata keçirilir.
 

17-05-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]