İAAR tərəfindən AzMİU-da 2 ixtisas, 1 ixtisaslaşma üzrə akkreditasiya prosesi həyata keçirilib


Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyi (İAAR) tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) hazırlığı aparılan 2 ixtisas və 1 ixtisaslaşma proqramının akkreditasiyası keçirilib.  

Bu proses AzMİU və İAAR arasında bağlanılmış müqaviləyə əsasən aparılıb. Nəqliyyat fakültəsinin Nəqliyyat tikintisi mühəndisliyi, İnşaat fakültəsinin İnşaat mühəndisliyi ixtisasları və İnşaat mühəndisliyi ixtisaslaşmasında aparılan akkreditasiyanın məqsədi sözügedən sahələr üzrə kadr hazırlığının keyfiyyəti və beynəlxalq səviyyə uyğunluğunu yoxlamaq olub. Bu prosesi həyatı keçirmək üçün AzMİU üzrə özünütəhlil hesabatının hazırlanması istiqamətində 24 nəfərdən ibarət komissiya yaradılıb. Komissiyanın sədri Tədris işləri üzrə prorektor professor Akif Qasımov, müavinlər Nəqliyyat fakültəsinin dekanı dosent Elçin Yusifzadə və İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev təyin edilib. Komissiya işinə yanvar ayından etibarən başlayıb, bütün lazımi məlumatlar onlar tərəfindən toplanaraq təhlil aparılıb, yekunda özünütəhlil hesabatı hazırlanıb və agentliyə təqdim olunub. 

Özünütəhlil hesabatı ilə tanışlıqdan sonra sözügedən ixtisaslar və ixtisaslaşma proqramı üzrə kadr hazırlığının keyfiyyəti yoxlamaq məqsədilə agentlik tərəfindən 13-16 may tarixlərində AzMİU-ya beynəlxalq ekspertlərdən ibarət komissiya göndərilib. Qeyd olunan məsələlərlə əlaqədar AzMİU-da səfərdə olan beynəlxalq ekspertlər universitetlə ilkin tanışlıqdan sonra fakültələrin dekanları, professor-müəllim heyəti, tələbələrlə ünsiyyətdə olub, müvafiq yoxlamalar aparıblar. 

Universitetdə akkreditasiya prosesini tamamlayan beynəlxalq ekspert qrupu sonda rəhbər heyət ilə görüşüb, birgə fikir mübadiləsi aparıblar. Səfərdə olduqları qısa müddət ərzində hazırladıqları yekun hesabatın nəticəsini isə qərar verilməsi üçün Beynəlxalq Akkreditasiya Şurasına təqdim ediblər. 

Məlumat üçün qeyd edək ki, AzMİU-da Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyi tərəfindən aparılan akkreditasiya prosesinin yekun qərarı 21 iyun 2024-cü il tarixində verilməsi nəzərdə tutulub.
 

17-05-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]