AzMİU tələbələri “GreenAgroHack” hakoton yarışında qalib oldular
“Caspian Agro 2024” sərgisi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin, Azərbaycan Texniki Universitetinin, “Bilişim Vadisi Bakı Mərkəzi”nin təşkilatçılığı və bir sıra akselerasiya, inkubasiya mərkəzlərinin tərəfdaşlığı ilə keçirilən “GreenAgroHack” hakaton yarışması yekunlaşıb.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 15-16 may tarixlərində “Bakı Ekspo” Mərkəzində 29 saat, 29 dəqiqə, 29 saniyə ərzində keçirilən yarışmada ölkənin ali təhsil müəssisələrinin tələbələri və orta məktəblərin şagirdləri iştirak edib.
Startap müsabiqəsinə 19 ali təhsil müəssisəsi və 5 orta məktəbdən iştirakçılar qatılıb. 16 may tarixində yekunlaşan hakaton yarışmasında 4 qalib komanda mükafata layiq görülüb.
Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universitetinin tələbələrini bir komandada birləşdirən “Ecoquad” yarışmada 1-ci yerə layiq görülüb. 29 saatın sonunda sözügedən komanda təsərrüfatlarda gübrələmə və dərmanlama işlərini həyata keçirən “Aqrorobot” innovativ həll yolunu təklif ediblər.
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbinin təmsil olunduğu “Ground Up” komandası “Hidrogen qazının alınması” həll yolunu təklif edərək 2-ci yerin qalibi olublar.
Hava, su, torpaq, rütubət və nəmlik göstəricilərini özündə toplayan və avtomat rejimdə çalışan suvarma texnologiyasının həll yolunu təklif edən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti, Bakı Mühəndislik Universiteti və Xəzər Universitetinin tələbələrindən ibarət olan “Null” komandası 3-cü yerə layiq görülüb.
Ali təhsil müəssisələrilə yanaşı, orta məktəblərin də iştirak etdiyi yarışmada Humanitar Fənnlər Təmayüllü məktəb liseyi, 288, 13 və 42 nömrəli tam orta məktəbləri “Joshua Tech” komandası altında birləşərək “Fermerin dostu” mobil tətbiqini hazırlayıblar. Fermerlərə məsləhət xidmətini özündə ehtiva edən mobil tətbiqi hazırlayan “Joshua Tech” komandası 4-cü yerə yiyələnib.