AzMİU-da 3000-dən çox gənc üçün iş və təcrübə imkanı təqdim edildi


Tələbə və məzunlar üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) sayca 5-ci Karyera sərgisi təşkil olunub. Məşğulluğun artırılması məqsədilə keçirilən sərgidə universitetin əməkdaşlıq etdiyi 117 dövlət qurumu və özəl şirkət ümumilikdə 600-dək vakansiya və təcrübə proqramı ilə sərgiyə qatılıb.    

AzMİU-nun İdman Kompleksində keçirilən sərgidə iştirakçı qurumlar tərəfindən inşaat, memarlıq, dizayn, nəqliyyat, energetika, su təsərrüfatı, neft-qaz mühəndisliyi, kommunikasiya sistemləri, informasiya texnologiyaları, satış və marketinq, kənd təsərrüfatı, bank işi, maliyyə və digər sektorlarda vakansiyalar, həmçinin təcrübə proqramları təklif edilib.  

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək sərgi iştirakçılarını salamlayıb və universitetdə ənənə halına çevrilən sərginin tələbə və məzunlara karyera yolunda böyük dəstək verdiyini vurğulayıb. AzMİU-da ölkə iqtisadiyyatının sahələri üzrə 53 ixtisasda bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığının həyata keçirildiyini deyən rektor sərgidə demək olar ki, bütün ixtisaslar üzrə vakansiyaların təklif olunduğunu qeyd edib. Sonda professor Gülçöhrə Məmmədova tələbə və məzunlara, eləcə də sərgidə iştirak edən dövlət və özəl qurumların nümayəndələrinə uğurlar arzulayıb. 

Ağdam, Füzuli və Xocavənd rayonlarında “Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin İcraçı direktoru Övsət Həmidov, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin İcraçı direktorunun nümayəndəsi Samirə Həsənova, “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev, “Paşa İnşaat” MMC-nin layihə direktoru Dinçer Filiz və “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşev çıxış edərək tələbə və məzunlara uğurlar arzulayıblar. Onlar ali təhsil və istehsalat müəssisələri ilə əlaqələrin daha da genişləndirilməsi, eyni zamanda məzunların karyera imkanlarının artırılması üçün belə sərgilərin əhəmiyyətini diqqətə çatdırıblar.   

Çıxışlardan sonra sərgi açıq elan edilib, rektor Gülçöhrə Məmmədova qonaqlarla birgə stendləri gəzib, şirkətlərin nümayəndələri ilə ünsiyyətdə olub, təqdim olunan vakansiya və təcrübə proqramları ilə maraqlanıb. 

Sərgidə işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işləri həyata keçirən dövlət və özəl müəssisələr, Mənzil İnşaat Dövlət Agentliyi (MİDA), SOCAR, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Azəryol elmi tədqiqat layihə” İnstitutu, Əmlak Məsələləri Dövlət Komitəsi, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “PROYAPI” mühəndislik və müşavirlik şirkəti, “PMD” Projects MMC, “Azərgold”, “Azərsu” ASC, “Embawood” MMC, “Holcim”, “Zaferoğlu” İnşaat MMC, Kapital Bank, Yello Bank, Beynəlxalq Bank, “Metak” şirkəti, “Veysəloğlu” MMC “Təmiz Şəhər” ASC, “AzVirt” MMC eləcə də digər şirkətlərdə vakant iş yerləri sərgiyə çıxarılıb.

Ümumilikdə 3000-dən çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar, təcrübə proqramları barədə ətraflı informasiyalar verib, iş axtarışında olan gənclərin suallarını cavablandırıblar. 

İş axtaranlar ixtisaslarına uyğun müəssisələrdə təklif olunan vakansiyalara müraciət edib, CV-lərini şirkət nümayəndələrinə təqdim ediblər.

Qeyd edək ki, sərgidə digər ali təhsil müəssisələrinin də tələbə və məzunları üçün iştirak etmək imkanı yaradılıb.
 

16-05-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]