Abituriyentlərin AzMİU ilə tanışlığı davam edir
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təbliğat-təşviqat kampaniyası çərçivəsində “EDU Company” Təhsil Mərkəzinin abituriyentləri universitetdə ekskursiyada olublar.
AzMİU-nun Tədris işləri üzrə prorektoru Akif Qasımov Təhsil Mərkəzinin kollektivini universitetdə görməkdən məmnunluğunu ifadə edib, belə görüşlərin artıq ənənə halını aldığını diqqətə çatdırıb. O, məktəblilərə universitetin yaranma tarixi, mövcud ixtisaslar, fakültələr, ikili diplom və mübadilə proqramları, tələbə həyatı və s. barədə geniş informasiya verib, onlara gələcək ixtisas seçimlərində uğurlar arzulayıb.
Sonra AzMİU-nun Abituriyent Məsləhət Mərkəzinin əməkdaşı Rəna Cəbrayılova və THİK-in sədri Şahmar Rəfili tərəfindən qəbul qaydaları, ixtisaslar və gələcək karyera imkanlarından danışılıb.
Universitet barədə tanıtım videoçarxı nümayiş etdirilib, abituriyentlərin sualları cavablandırılıb.
Görüş bədii hissə ilə davam edib. AzMİU-nun özfəaliyyət kollektivinin ifasında mahnılar səsləndirilib.