Dahi Liderin unudulmaz xatirəsi anadan olmasının 101-ci ildönümündə böyük sevgi ilə qeyd olunur


Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qeyd olunub. 

Universitetin akt zalında keçirilən tədbirdə öncə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Açılış nitqi ilə çıxış edən Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və dərin dövlətçilik təcrübəsindən bəhs edib.

Onun uzaqgörənliyi, zəngin idarəçilik bacarığı və siyasi müdrikliyi ilə dahi liderə çevrildiyi, ölkəmizin inkişafı yolunda böyük əzmlə mübarizə aparan, prinsipial rəhbər kimi tanındığını bildirib.

Prorektor çıxışında vurğulayıb ki, Heydər Əliyevin fədakarlıqla dolu həyatının hər bir anı Azərbaycan xalqı üçün iftixar mənbəyi və milli sərvətdir. Ulu Öndər istər sovet hakimiyyəti, istərsə də müstəqillik illərində öz xalqının gələcəyi, rifahı və əmin-amanlığı üçün çalışıb. O, SSRİ-nin ali hakimiyyət orqanı olan Siyasi Büronun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev həmin vəzifələrdə də doğma Vətəni naminə böyük işlər görüb. 

Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəlişindən sonra başlatdığı hərtərəfli islahatlar sayəsində müstəqil Azərbaycan müasir və dinamik inkişaf edən güclü dövlətə çevrilib, onun müəllifi olduğu enerji strategiyası nəticəsində Azərbaycan çiçəklənməklə yanaşı, beynəlxalq miqyasda etibarlı tərəfdaş olub.

Çıxışının sonunda ömür yolunu ölkəmizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə həsr edən nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsinin xalqımız tərəfindən daim yaşadılacağı qeyd olunub.  

Universitetin magistrantı Zərif Şirəliyeva Heydər Əliyevin yaratdığı zəngin dövlətçilik məktəbindən, gənclərə göstərdiyi diqqət, qayğıdan söz açıb, Söyləyib ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri olub. Dahi Lider Azərbaycanın gələcəyi olan gənclərə xüsusi qayğısı, vətənə sədaqət ruhunda tərbiyə edilməsi onun azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edib.  

Tədbirin davamında Ulu Öndərin fəaliyyətinin mühüm tarixi anlarını əks etdirən videoçarxlar nümayiş etdirilib. AzMİU-nun Özfəaliyyət Klubunun üzvlərinin ifasında Ümummilli Liderin sevdiyi mahnılar, ona həsr olunan şeirlər səsləndirilib.
 

10-05-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]