AzMİU Həmkarlar İttifaqı Komitəsinin XVI hesabat-seçki konfransı
Aprelin 25-də Azərbaycan Memarlıq və İnşaat Universiteti Həmkarlar İttifaqının XVI hesabat-seçki konfransı keçirilib.
Konfransda təşkilatın ötən 7 il ərzində gördüyü işlər barədə universitet Həmkarlar İttifaqı Komitəsinin sədri Surxay Əliyev məlumat verilib.
O, qeyd edib ki, 1276 nəfər üzvü olan universitet Həmkarlar İttifaqı Komitəsi mühüm dövlət qərarlarını əldə rəhbər tutaraq kollektivdə əmək intizamının möhkəmləndirilməsində müəllim, işçi və qulluqçularının sosial şəraitinin yaxşılaşdırılmasında, habelə onların asudə vaxtlarının səmərəli təşkilində xeyli iş görülüb.
Surxay Əliyev universitet əməkdaşlarından bir çoxuna respublikamızın sağlamlıq ocaqlarına güzəştli yollayışlar verildiyini, yüzlərlə ailəyə isə vəziyyəti nəzərə alınmaqla yardım edildiyini diqqətə çatdırıb.
Konfransda Təftiş Komissiyasının sədr müavini Akif Hacıyevin də hesabatı dinlənildi. O, hesabat dövrü ərzində universitet həmkarlar təşkilatının işində heç biri maliyyə pozuntusunun olmadığını qeyd edib.
Konfransda həmkarlar komitəsinin nəzdindəki komissiyaların gördüyü işlər barəsində də ətraflı məlumat verildi.
Hesabat məruzəsi ətrafında çıxış edənlərdən İlham Mərdanov, Zakir Musayev, İsrafil Məmmədov, Adil Abdullayev, Sabir Məmmədov və başqa həmkarlar təşkilatının ötən 7 ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Çıxışlarda dönə-dönə vurğulandı ki, komitənin sədri Surxay Əliyev başda olmaqla bu təşkilat universitetimizdə keçirilən mədəni-kütləvi tədbirlərdən tutmuş tədris prosesinədək universitet rəhbərliyinə həmişə yaxından köməklik edib.
Konfransda müzakirə olunan məsələlər barəsində geniş qərarlar qəbul edildi. 17 nəfərdən ibarət universitet Həmkarlar İttifaqı Komitəsinə yeni üzv seçilib.
Surxay Süleyman oğlu Əliyev yenidən AzMİU Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
Konfransda Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin XVIII konfransına nümayəndə seçilməsi məsələsinə baxıldı. Surxay Əliyev konfransa nümayəndə seçildi.
Təhsil İşçiləri Azad Həmklarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə yeni seçilmiş heyətin qarşısında duran vəzifələrdən danışdı və onlara uğurlar arzuladı.
Konfransın işinə yekun vuran universitetin rektoru, professor Gülçöhrə xanım Məmmədova təşkilatın yeni seçilmiş heyətini təbrik etdi, onlara işində uğurlar arzuladı.