Tələbələrimiz “GreenAgroHack” hakaton yarışması barədə məlumatlandırılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetində(AzMİU) “GreenAgroHack” hakaton yarışması ilə bağlı infosessiya keçirilib.
Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Azərbaycan Texniki Universiteti, “Bilişim Vadisi” Bakı Mərkəzinin təşkilatçılığı və bir sıra İnkubasiya, Akselerasiya Mərkəzlərinin tərəfdaşlığı ilə keçiriləcək hakaton yarışması barədə tələbələrə ətraflı məlumat verilib. Aqrar İnnovasiya Mərkəzinin fəaliyyətini özündə əks etdirən videoçarx təqdim olunub.
Bildirilib ki, “GreenAgroHack” 15-17 may 2024-cü il tarixində keçiriləcək “17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi” çərçivəsində 29 saat 29 dəqiqə 29 saniyə müddətində verilmiş texniki tapşırığa uyğun olaraq müəyyən texnoloji həllərin tapılması və hazırlanması müsabiqəsidir.
Hakatonunun məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkənin qabaqcıl ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə kənd təsərrüfatı sahəsi istiqamətində xüsusi proqram təminatlarının, ağıllı həllərin hazırlanması, aqrar sahədə innovasiyanın rolu və əhəmiyyətini gənclər arasında təşviq etməkdir.
Universitetin İnnovativ Biznes İnkubator bölməsinin baş mütəxəssisi Ramin Əkbərov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, KTN Beynəlxalq Əlaqələr şöbəsinin protokol sektorunun müdiri Toğrul Qafarbəyli, “Bilişim Vadisi” Bakı Mərkəzinin direktoru Qamət Kərimov, eləcə də “FemTech” Akselerasiya Mərkəzinin və “SABAH.HUB” İnnovasiya Mərkəzinin nümayəndələri çıxış edərək yarışmanın tələbələrə öz karyera inkişafları üçün böyük imkanlar yaradacağını bildirib, hakatonun şərtləri, iştirak qaydalarından söhbət açıblar. Yekunda tələbələri yarışda aktiv iştiraka səsləyərək, tövsiyələrini veriblər.
İnfosessiyada, həmçinin nəzərə çatdırılıb ki, hakatona ən az iki fərqli universitetin tələbələrindən formalaşdırılan maksimum 5 nəfərdən ibarət (minimum 1 xanım olmaqla və ötən illərin məzun tələbələrindən 1 nəfər mentor qismində) komandalar və ya fərdi şəkildə müraciət etmək olar.