Mühit dizaynı kafedrası tərəfindən tələbələrə formayaratma prosesi və innovativ metodiki yanaşmalar istiqamətində təlim-treninq keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn fakültəsində tələbələr üçün təlim-treninq keçirilib.

Fakültənin Mühit dizaynı kafedrasının təşəbbüsü ilə gerçəkləşən təlim-treninqdə Dizayn fakültəsinin dekanı Fərid Kərimov, Mühit dizaynı kafedrasının müdiri Yeganə Hacıyeva, Keyfiyyət təminatı və monitorinq mərkəzinin müdiri Könül Ağayeva, müəllim-tələbə heyəti, həmçinin SABAH qruplarının tələbələri iştirak ediblər. 

Təlim-treninq "Formayaratma prosesi və innovativ metodik yanaşmanın müasir layihələndirmədə əhəmiyyəti" adlı mövzunun müzakirəsinə həsr olunub. Çox maraqlı, məzmunlu bir o qədər də aktual mövzunu əhatə edən təlim-treninq kafedranın müəllimi dosent Nərgiz Ağayeva tərəfindən aparılıb.   

Nərgiz Ağayeva tərəfindən təlim-treninqdə layihələndirmə metodları, onun yaranma fəlsəfəsi, müasir dizayn yaradıcılıq sahələrində tətbiqi və əhəmiyyəti haqda geniş izah verilib. Yaradıcılıq sahələrində geniş tətbiq olunan formayaratma prosesinin layihələndirmədə önəmi vurğulanıb. Layihələndirmə fənlərinin tədrisində, formayaratma üzrə müasir innovativ metodik üsul və qaydaların tətbiqinin vacibliyindən danışılıb. Qeyd edilib ki, istənilən obyektin layihə konseptinə müasir "bədii obraz" axtarışı və onun layihələndirməyə tətbiqinə hər zaman ehtiyac duyulur, yaradıcılıqda "ideya - forma" vəhdəti yaratmaqla bəlli unikal obraza nail olunur. Tələbələrin hazırladıqları layihə işlərindən ibarət nümunələr üzərində formayaratma prosesindən bəhs olunub, auditoriya ilə birgə fikir mübadiləsi aparılıb. 

İnteraktiv formada gerçəkləşdirilən təlim-treninq zamanı suallar cavablandırılıb, mövzu ilə bağlı müzakirələr edilib.

 
 

30-04-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]