FHN-nin Bakı Regional Mərkəzi tərəfindən AzMİU-da nümunəvi dərs keçirilib


Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllim və tələbə heyətinə “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.

Tədbirdə AzMİU-nun rəhbər heyəti, FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları,  universitetin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri AzMİU-nun Tədris işləri üzrə prorektoru, universitetin Fövqəladə Hallar Komissiyasının sədri  Akif Qasımov açaraq, auditoriyanı və qonaqları salamlayıb. Prorektor əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkilinə həsr olunan nümunəvi dərsin müəllim və tələbələr üçün əhəmiyyətindən söhbət açıb. 

Nümunəvi dərsdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisinin birinci müavini  İlqar Səfərov “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili”, Əhalinin mülki müdafiəyə hazırlığı şöbəsinin rəisi Faiq Balakişiyev “Fövqəladə hal nədir”, Suraxanı rayonu üzrə FH və MM şöbəsinin rəisi Toğrul Vəliyev “Zəlzələ zamanı davranış qaydaları”, Rayon fövqəladə hallar və mülki müdafiə şöbələrinin hazırlıq işinin təşkili bölməsinin baş məsləhətçisi Vüsalə Səfərova “Dəm qazı təhlükəsi”, “112 qaynar xətti”, Dövlət Yanğın Nəzarəti Xidmətinin Təbliğat şöbəsinin böyük təlimatçısı Nizami Fərəcov “Odsöndürücü balondan istifadə qaydaları”, Kiçikhəcimli Gəmilərə Nəzarət və Dövlət  Sularda Xilasetmə Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat sektorunun böyük inspektoru Fərid İlhamoğlunun  “Çimərlikdə təhlükəsizlik qaydaları”  mövzularında çıxışları dinlənilib. Hər mövzuya dair maarifləndirici videoçarx nümayiş olunub.  

Tədbirə FHN Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov yekun vuraraq Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən, bu istiqamətdə atılan addımlardan söhbət açıb. Çıxışının sonunda tələbələrə öz  tövsiyələrini verib.
 

26-04-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]