AzMİU-da "WORK4CE" layihəsi çərçivəsində həyata keçirilən Pilot tədris həftəsi yekunlaşıb


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələr üçün təşkil edilən Pilot tədris həftəsi yekunlaşıb. 

Avropa İttifaqının Erasmus+ KA2 proqramının CBHE “WORK4CE” layihəsi çərçivəsində gerçəkləşdirilən Pilot tədris həftəsinin əsas dərsləri AzMİU-da həyata keçirilib. 

Dərslər universitetin korpuslarında ayrılmış xüsusi auditoriya və laboratoriyalarda beynəlxalq dərəcəli professor və müəllim heyəti tərəfindən aparılıb. Pilot tədris həftəsinin gündəliyinə uyğun olaraq AzMİU-da görüşlər, təlimlər, dəyirmi masa keçirilib. 

Layihəyə üzv olan Ukrayna, Belçika, İspaniya, Almaniya universitetlərinin nümayəndələri professorlar Galina Tabunshchi, Carolina Cruz, Jon Aretxaga, Peter Arras, Tegoeh Tjahjowidodo, Dino Schoenberg, Thorsten Ruben AzMİU-da layihənin modullarına uyğun tələbələr üçün mühazirələr oxuyub, öz beynəlxalq təcrübələrini bölüşüb, birgə qrup işləri yerinə yetiriblər.

Bildirək ki, Avropanın 6, Azərbaycanın 3 ali təhsil müəssisəsini əhatə edən layihəyə daxil olan Pilot tədris həftəsi ilk olaraq Almaniya, Belçika yekunda Azərbaycanda həyata keçirilib. Layihənin modulları əsasında formalaşan beynəlxalq təcrübənin uğurlu olacağı təqdirdə gələcəkdə real dərslərə tətbiq ediləcəyi gözlənilir
 

25-04-2024