AzMİU-nun qadın əməkdaşlarının “Milli-mənəvi dəyərlərimiz, rənglər dünyası” adlı yaradıcılıq sərgisi açılıb


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi Salonunda universitetin istedadlı, bacarıqlı, qabiliyyətli xanımlarının “Milli-mənəvi dəyərlərimiz, rənglər dünyası” adlı rəsm və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət yaradıcılıq sərgisi açılıb.

Sərgidə AzMİU-nun müxtəlif fakültə, kafedra, şöbələrində, eləcə də İnşaat Kollecində çalışan xanımlar öz yaradıcı bacarıqlarını nümayiş etdiriblər. 

Sərginin açılışında çıxış edənlər ilk dəfə təşkil olunan və milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, zövq oxşayan incəsənət nümunələrini yüksək qiymətləndiriblər. Tarix Muzeyinin təşkilatçılığı ilə ərsəyə gələn sərgiyə uğurlar arzulayıb, davamlı olmasını diləyiblər. 

Sonra sərginin rəmzi açılışını bildirən qırmızı lent kəsilib, tədbir iştirakçıları AzMİU-nun xanım əməkdaşlarının əl işləri ilə yaxından tanış olublar.

Sərgidə müxtəlif janrlarda yağlı boya ilə çəkilmiş tablolar, dekorativ-tətbiqi sənət nümunələrinə xas olan biçmə-tikmə, toxuma, muncuqlarla bəzəmə, dulusçuluq, maket işləri təqdim olunub. 

Bunlarla yanaşı, qadın əllərinin möcüzəvi toxunuşlarından ərsəyə gələn bəzək əşyaları, geyimlər, çantalar, ev tekstilinə aid nümunələr yer alıb. Universitetin istedadlı xanımları Azərbaycanın əsrarəngiz təbiəti, milli-mənəvi dəyərləri, “xalq sənəti” olan dekorativ-tətbiqi sənətə məxsus yaradıcı işləri böyük ustalıqla ərsəyə gətiriblər. Sərgidə ümumilikdə 229 iş nümayiş olunub, onlardan 129-u rəsm, 100-ü isə dekorativ-tətbiqi sənət nümunəsidir.  

Qeyd edək ki, AzMİU-nun Sərgi Salonunda açılan “Milli-mənəvi dəyərlərimiz, rənglər dünyası” adlı sərgi mayın 7-dək davam edəcək.


 

25-04-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]