"Work4CE 4.0: Gələcək üçün Təhsil və Sənayenin Birləşdirilməsi" - AzMİU-da xarici və yerli mütəxəssislərin iştirakı ilə dəyirmi masa keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə həyata keçirilən Pilot tədris həftəsi çərçivəsində "Work4CE 4.0: Gələcək üçün Təhsil və Sənayenin Birləşdirilməsi" modelinin Azərbaycan təhsil sistemində tətbiqinə həsr olunan görüş keçirilib. 

Dəyirmi masada keçirilən görüşə AzMİU-nun prorektorları Akif Qasımov, Nərgiz Abdullayeva, Orxan Naqdiyev, “WORK4CE” layihəsinin koordinatoru İsa Muradov və layihə üzvləri, Erasmus+ Azərbaycan Milli ofisinin direktoru Pərviz Bağırov,  İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, partnyor şirkətlərin (PMD, Leobank, Simens Azərbaycan, Norm Sement, PD&MS Group, AzInvest Holdinq, Nord West, Baku City Residence və s.) rəhbər şəxsləri və Pilot tədris həftəsində iştirak edən xarici mütəxəssislər qatılıb.

Görüşdə layihənin məqsədi və "Work4CE 4.0: Gələcək üçün Təhsil və Sənayenin Birləşdirilməsi" modelinin əhəmiyyəti haqqında qısa məlumat verilib. 

Dəyirmi masa “Avropa uğur hekayələrindən öyrənmək - universitet və sənaye əməkdaşlığı” istiqaməti əsas götürülərək xarici təcrübəni Azərbaycanın təhsil sisteminə tətbiqini hədəfləyir. Eyni zamanda, “Azərbaycan Respublikasının 2022/2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “3.2.2.4. Elm-sənaye klasteri 4.0”-nin formalaşdırılması" tapşırığının icrasına xidmət edir. İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) bu tapşırıq üzrə əsas icraçı olduğunu nəzərə alaraq, koordinasiyanın aparılması təmin olunur. 

Görüşdə Belçika Löven Katolik Universitetinin mütəxəssisi Peter Arras və Ukrayna Zaporoje Politexnik Milli Universitetinin professoru Galina Tabunshchiki və digər xarici mütəxəssislər tərəfindən universitetlər və bizneslər arasında əməkdaşlığı gücləndirmək üçün innovativ yollar təklif olunub. 

4SİM-dən isə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və monitorinq şöbəsinin müdiri Əzizə Vidadi cari təşəbbüslər, təhsil müəssisələri ilə tərəfdaşlıqlar və gələcək hədəflər daxil olmaqla, Azərbaycanda Sənaye 4.0-ın təşviqində 4SIM Azərbaycanın rolunu önə çəkən məruzə ilə çıxış edib.  

Görüşdə müzakirə olunan əsas məqamların xülasəsi, universitetlər və biznes qurumları arasında əlaqələrin genişləndirilməsi üçün yol xəritəsi müəyyənləşdirilib. Universitet və sənaye müəssisələri arasında əməkdaşlığın həyata keçirilməsi üçün növbəti addımlar qeyd olunub. 

Məlumat üçün qeyd edək ki, layihənin məqsədi Work 4.0 konsepsiyalarının təhsilə inteqrasiyasında Avropa universitetlərinin təcrübələrini bölüşmək və bu innovasiyaların Azərbaycan universitetlərinə tədris olunan fənlərarası yanaşmaları və sənaye əməkdaşlığını əsas götürərək daxil edilməsi üçün praktiki strategiyalar üzərində müzakirələr aparmaqdır.
 

24-04-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]