Memarlıq irsinin qorunması və istifadəsi problemləri – AzMİU-da elmi-praktiki konfrans keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Memarlıq irsinin qorunması və istifadəsi problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbir 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunub.

Konfransa Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının professor-müəllim heyəti, dissertantlar, doktorantlar, magistrlar qatılıb. Konfransın açılış mərasimində Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdir müavini İlqar Balakişiyev çıxış edərək konfrans iştirakçılarını salamlayıb və mövzunun aktuallığına toxunub.

İlqar Balakişiyev bildirib ki, hazırda ölkəmizdə yüzlərlə abidə var ki, onlar məhv olmaq təhlükəsi ilə üz-üzədir: “İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söyləyir. Abidələrin və tarixi yerlərin dağıdılmasını xalqın, millətin varlığının məhvi hesab etmək olar. Belə bir vəziyyətdə abidələrimizin qorunması və istifadəsi hər birimizin vətəndaşlıq borcudur. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması və mövzuya uyğun konfransın keçirilməsi böyük əhəmiyyətə malikdir”.

Sonra İlqar Balakişiyev çıxışında respublikamızda memarlıq irsinin qorunması, tarixi abidələrin mühafizəsi və bərpası istiqamətində görülən işlərdən də söhbət açıb. Ölkə rəhbərliyinin böyük diqqət və qayğısı nəticəsində tarixi abidələrin tədqiqi, mühafizə və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği sahəsində görülən işləri xatırladıb. 

Daha sonra elmi məruzələrə yer ayrılıb. 

Konfransda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri Rahibə Əliyevanın “Memarlıq abidələrinin bərpası, qorunması və tanıdılması”,  Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müəllimləri Əzimxan Həsənov və Vəfa Cəfərovanın “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi”,  Nurməmməd Məhəmmədin “Azərbaycan mövcud şəhərlərində tarixi ərazilərin tədqiqi və qorunması”,  Sürayyə Axundovanın “Memarlıq abidələrinin deformasiyasının şərtlərinin qiymətləndirilməsində səbəb-nəticə əlaqəsinin təhlili”, Nazim Poluxovun “Memarlıq irsinin qorunmasına və istifadəsinə konstruktiv yanaşma”, Svetlana Allahverdiyevanın  “Qafqaz Albaniyasının şəhərsalma irsi”, İlqar Balakişiyevin “Quba bölgəsinin memarlıq abidələrinin tədqiqi və mühafizə problemləri” və digər mütəxəssislərin  məruzələri dinlənilib, elmi müzakirələr aparılıb.

Konfransda, həmçinin  işğaldan azad edilmiş torpaqlarımızda ermənilər tərəfindən  milli mədəniyyət abidələrimizə qarşı törədilən vəhşiliklərdən də danışılıb. 

Həmin ərazilərdə yer alan abidələr, mədəniyyət ocaqları, məscidlər və qəbristanlıqların dağıdıldığı, təhqir edildiyi, bəzilərinin isə erməniləşdirildiyi söylənilib. 

Memarlıq irsimizin və tarixi abidələrimizin qorunmasında kafedrada çalışan alimlərin, gənc tədqiqatçıların əməyi yüksək qiymətləndirilib. İrsimizin öyrənilməsi, mühafizəsi və istifadəsi problemlərinin kafedra tərəfindən mütəmadi araşdırıldığı, müxtəlif layihələr və elmi konfranslarda daim işıqlandırıldığı qeyd olunub. 

Konfransda eləcə də memarlıq abidələrinin reabilitasiyası və digər istiqamətlərdə aparılması vacib işlər barədə mütəxəssislər tərəfindən müxtəlif fikirlər, təkliflər səsləndirilib.
 

22-04-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]