AzMİU stendi Özbəkistanda “Təhsil və Peşə 2024” Beynəlxalq Təhsil Sərgisində yer alıb
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 17-18 aprel tarixlərində Özbəkistanda keçirilən “Təhsil və Peşə 2024” Beynəlxalq Təhsil Sərgisində təmsil olunub.
Təhsil sərgisində Azərbaycan, Özbəkistan, Rusiya, Qazaxıstan, Malayziya, Tailand, Türkiyə, Kanada və digər ölkələrdən 100-dən çox universitet iştirak edib.
Sərgidə AzMİU-nu universitetin İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov, Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə təmsil edib.
AzMİU üçün hazırlanan stenddə universitetin yaranma tarixi və fəaliyyətindən bəhs edən xüsusi bukletlər və broşürlər yer alıb. Nümayəndələrimiz tərəfindən sərgiyə gələn abituriyent və tələbələrə AzMİU-da həyata keçirilən təhsil proqramları, qəbul şərtləri, fakültələr və ixtisaslar haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Stendimizin ziyarətçiləri sırasında Azərbaycanın Özbəkistandakı səfirinin müşaviri Mahir Cəfərov da olub.
Sərginin növbəti günü İsa Muradov və Gülnarə Əsgərəlizadə Özbəkistan şirkətləri ilə görüşlər keçirib. Görüşlər zamanı təmsilçilərimiz mümkün əməkdaşlıq əlaqələrini müzakirə edib, birgə fikir mübadiləsi aparıblar.
Daha sonra nümayəndələrimiz Daşkənddə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzində qonaq olublar. Mədəniyyət Mərkəzinin əməkdaşları ilə aparılan söhbət zamanı AzMİU-nun təbliğat-təşviqat məsələləri əsas müzakirə obyekti olub. Sonda Mərkəzin əməkdaşları Özbəkistanın abituriyent və tələbələrinin universitetimizə cəlbinə dəstək olacaqlarına söz veriblər.