Tələbəmiz ABŞ-ın ən nüfuzlu universiteti olan Kolumbiya Universitetində təhsil alacaq


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin IV kurs tələbəsi Fuad Cəfərli İnşaat mühəndisliyi ixtisası üzrə ABŞ-ın ən nüfuzlu universiteti olan Kolumbiya Universitetində (Columbia University) magistr təhsili almaq hüququ qazanıb. 

Tələbəmizin təhsil alacağı Kolumbiya Universiteti Nyu-York şəhərinin mərkəzində yerləşir və ABŞ-ın “Sarmaşıq” liqasının üzvüdür. Bu liqaya ABŞ-ın ən nüfuzlu universitetləri daxildir. Kolumbiyanın illik ortalama qəbul faizi 4%-dir. Yəni sənəd göndərənlərin sadəcə 4%-i burada təhsil almaq haqqı qazanır.

Kolumbiya Universiteti çoxsaylı dünya şöhrətli məzunlar yetişdirib. Onların arasında 79-dan çox şəxs Nobel mükafatına layiq görülüb. Universitetin uğurlu məzunları sırasından ABŞ prezidentləri Teodor Ruzvelt, Barak Obama, Vudro Vilson, Estoniya prezidenti Tomas Hendrik İlves, ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt, Nobel mükafatı laureatları Martin Çalf, Ceyms Hekman, Edmund Felps, Orxan Pamuk, Riçard Aksel və digərlərinin adını çəkmək olar.     

Kolumbiya Universiteti akademik hazırlığın səviyyəsi, tibb, mədəniyyət, sosiologiya və s. elmlərin tədqiqatı üzrə əldə etdiyi uğurlara görə bütün dünyada məşhurdur. Hazırda burada 25000-dən çox tələbə təhsil alır, onların 20%-ni digər ölkələrdən gələnlər təşkil edir. 

Qeyd edək ki, ölkəmizin inşaat və memarlıq istiqamətində profil universiteti olan AzMİU uğurlu təhsil strategiyası ilə ölkə hüdudlarından kənarda da tanınır. Universitetin məzunları hər il ölkəmizlə yanaşı xarici universitetlərin ali təhsil müəssisələrində də təhsillərini davam etdirir. AzMİU-nun köklü fakültəsi olan İnşaat fakültəsinin məzunlarının uğurları da mütəmadi təzələnir. Fakültəni bitirən məzunların bir qismi Azərbaycanda, digər qismi isə Türkiyə, Avropan və ABŞ-ın nüfuzlu universitetlərində təhsil alır.
 

17-04-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]