AzMİU-nun yeni yaradılan Dizayn fakültəsində tələbələri nələr gözləyir? – MÜSAHİBƏ


Ölkəmizdə hələ SSRİ dövründən, daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayan tikinti-quruculuq işləri Azərbaycanda memarlığın, dizayn istiqamətinin inkişafı üçün əlverişli şərait yaratdı. 50 ildən çoxdur ki, davam edən bu prosesin müsbət nəticələri hiss olunmaqdadır, ölkəmizdə yüksək ixtisaslı inşaat mühəndisləri, memarlar, dizaynerlər ordusu formalaşıb ki, bu gün istənilən irihəcimli layihəni vaxtında və peşəkarlıqla yerinə yetirmək mümkündür. Bununla belə müzəffər ordumuzun işğal altındakı torpaqlarımızı azad etməsi və Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqətilə həmin ərazilərdə başladılan tikinti-quruculuq işləri bir sıra peşə sahibinə, o cümlədən dizaynerlərə qarşı yeni tələblər formalaşdırdı. Bəs, ali təhsil müəssisələri bu tələbi qarşılaya bilirmi?


Müsahibimiz Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yeni yaradılan Dizayn fakültəsinin dekanı Fərid Kərimovdur.

 
Fərid müəllim, necə oldu ki, Dizayn fakültəsi yaradıldı və bu fakültə ölkəmiz, eləcə də AzMİU üçün nələr vəd edir?


Bu gün “Dizayn” sözü çox populyardır. Və bu səbəbsiz deyil. Dizayn məhsulu insan həyatının demək olar ki, hər bir sahəsini əhatə edir. Dizayn fəaliyyət göstərdiyimiz hər yerdə vardır. Bu gün, sürətlə rəqəmsallaşan dünyamızda, dizaynsız heç bir sahəni təsəvvür etmək mümkün deyil. Beləliklə, dizayn sahəsi aktual olduğu üçün onun tədrisi də hər zaman böyük maraq doğurub.
Bildiyiniz kimi, universitetimizdə hələ 1994-cü ildən “Mühitin dizaynı” ixtisası üzrə mütəxəssis hazırlığına başlanmışdır. 1998-ci ildə “Mühitin dizayn”ı ixtisası üzrə ilk bakalavr buraxılışları reallaşdı. Daha sonra, 2000-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru prof.G.H.Məmmədovanın əmri ilə Dizayn kafedrası yaradıldı. Ötən ilin noyabr ayında biz universitetimizdə Dizayn ixtisasının tədrisinin 25 illiyini təntənəli şəkildə qeyd etdik. Bu dövr ərzində nələrə nail olmuşuq, nələr edə bilmişik? Bu kimi sualların cavabını biz tədbirdə, sərgidə mümkün olduğu qədər göstərməyə çalışdıq. Görülmüş iş həddindən artıq böyük və maraqlı idi. İstər tələbələrimiz, istərsə də müəllimlərimiz bu dövr ərzində çox böyük işlər görüblər. Bu da bir daha dizaynın nə qədər aktual sahə olduğunu sübut edir. 
İldən-ilə bu sahəyə yönəlik maraq və tələbatın çoxluğu səbəbindən artıq Memarlıq fakültəsinin tərkibində deyil, ayrı fakültə kimi fəaliyyət göstərmək qərarını aldıq. Əlbəttə ki, fakültənin yaradılması, həmçinin dizaynla bağlı yeni tendensiyaları daha geniş, daha effektiv şəkildə tədqiq etməyə imkan yaradır, xüsusilə, işğaldan azad olunmuş şəhərlərimizdə gedən sürətli bərpa və yenidənqurma işləri, bu sahədə peşəkar mütəxəssislərə olan tələbatın artması fakültənin yaranmasını zəruri etdi. Bu nöqteyi-nəzərdən yeni fakültənin yaradılması dizayn üzrə kadr hazırlığının genişləndirilməsi və keyfiyyətin artırılması deməkdir. Qeyd etmək istəyirəm ki, Dizayn fakültəsini yaratmaqla universitetimiz Azərbaycanda dizaynın inkişafına güclü təkan vermək niyyətindədir.


Bildiyim qədərilə bu ildən etibarən yeni fakültəyə tələbə qəbulu həyata keçiriləcək. Kadr hazırlığı üçün maddi-texniki baza və professor-müəllim heyəti yetərlidirmi? 

Bilirsiniz, biz artıq Memarlıq fakültəsinin tərkibində həyata keçirdiyimiz işləri bundan sonra yeni yaradılmış Dizayn fakültəsində həyata keçirəcəyik. Əlbəttə ki, məsuliyyətimiz artıb. Çünki yeni fakültədə dizayn ixtisası ilə bağlı daha dərin və geniş layihələr işləniləcək, tədris prosesi daha da təkmilləşdiriləcək, ən müasir təcrübələr tətbiq olunacaq. 
Bizim artıq Memarlıq fakültəsinin nəzdində dizayn ixtisası üzrə təhsil alan 500-dən çox tələbəmiz var. Onlar bundan sonra dizayn fakültəsinin tərkibində təhsillərini davam edəcəklər. Müəllimlərə gəldikdə isə, fakültəmiz mövcud 3 kafedradan və onların professor-müəllim heyətindən formalaşıb. Bunlar Qrafik və media dizaynı, Mühit dizaynı və Təsviri incəsənət kafedralarıdır. Bundan əlavə, İtaliya – Azərbaycan Dizayn Mərkəzi də 4 laboratoriyası və maddi-texniki bazası ilə birgə fakültənin tərkibindədir. Yeri gəlmişkən onu da qeyd edim ki, İtaliya – Azərbaycan  Dizayn Mərkəzi artıq uzun illərdir ki, maraqlı layihələrlə çıxış edir, onun laboratoriyaları, maddi-texniki bazası tələbələrimizə bu sahədə çox yardımçı olur. Düşünürəm ki, bundan sonra da həm mərkəzə, həm də kafedralara məxsus bu potensial peşəkar kadr hazırlığı işində bizə çox kömək edəcək.


Fakültəyə qəbul qaydaları hansı şəkildə həyata keçiriləcək? Şərtlər nələrdən ibarətdir?

Burada heç bir dəyişiklik yoxdur. Abituriyentlər əvvəlcə DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında iştirak edirlər. Həmin imtahanın nəticələrinə əsasən qabiliyyət imtahanlarında iştirak edirlər. “Dizayn” ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız rəsm fənni üzrə qabiliyyət imtahanı verirlər.
Qabiliyyət imtahanın nəticəsi bizim üçün çox önəmlidir. Bu imtahan əl qabiliyyəti, yaradıcı düşüncə tərzi, həcm-fəza anlayışı kimi digər bilik və bacarıqların yoxlanılması məqsədini daşıyır. 
Xüsusilə, vurğulamaq istəyirəm ki, dizaynı anlamaq üçün təhsil əlbəttə ki, şərtdir. Lakin, bu sahədə uğurlu olmaq həm də zamanla qazanılan təcrübələrə əsaslanır.


Artıq süni intellektin təsirlərini həyatımızda hiss etməyə başlamışıq. Sizcə süni intellektin dizaynerləri əvəz etməsi mümkündürmü?

Bu gün elm və texnika çox sürətlə inkişaf edir, lakin unuduruq ki, o texnikaya tapşırığı verən də insan beynidir, insan əlidir. Dizayn yaradıcı sahədir. Bu işlər adətən yüksək səviyyəli insan bacarıqları, emosional zəka və yaradıcılıq tələb edir. Bəli bu gün süni zəka insan fəaliyyətinin çox sahələrində özünə yer almışdır və düşünmək olar ki, artıq bir çox şeyləri bizim əvəzimizə sərbəst şəkildə həyata keçirir. Bu dizayn fəaliyyətinin müxtəlif sahələrində də artıq müşahidə olunur. Bu reallığı danmaq olmaz və bununla ayaqlaşmaq lazımdır. Bu baxımdan biz də hər zaman tələbələrimizə daha innovativ, müasir və yeni biliklərin çatdırılmasına çalışırıq. 


Yeni yaradılan Dizayn fakültəsinin beynəlxalq əməkdaşlıqları, ikili diplom proqramları varmı? 

Biz 2019-cu ildən artıq Milan Politexnik Universiteti (POLİMİ) ilə birgə İtaliya-Azərbaycan Dizayn Mərkəzini yaratmışıq. Bu illər ərzində onlarla sıx əməkdaşlıq əlaqələri qurub, tədrisdə təcrübələrinə əsaslanıb, birgə layihələr həyata keçirmişik. Bu əlaqələr çox uğurlu şəkildə davam edir. Artıq bizim ikili diplom proqramlarımız həyata keçirilir. Yeri gəlmişkən, bir neçə gün öncə bizim rektorumuz professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada, POLİMİ-də işgüzar səfərdə olub. Onlar əlaqələrin inkişaf etdirilməsi yollarını, yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər. İkili diplom müqaviləsi çərçivəsində POLİMİ-də təhsil alan tələbələrimizlə görüşüblər. Sevindirici haldır ki, italyan müəllimlər bizim tələbələrdən razılıq edirlər. Təbii ki, biz bununla kifayətlənmirik. Müxtəlif ölkələrin qabaqcıl universitetlərinin bu sahə ilə bağlı təcrübəsindən yararlanmağa yönəlmişik. Ümid edirəm ki, bu istiqamətdə fərqli işlərimiz, layihələrimiz daha da çox olacaq. 

Fərid müəllim, universitet tərəfindən dizayn ixtisaslı məzunların işlə təmin olunmasına xüsusi dəstək göstərilirmi?

Əlbəttə ki, digər universitetlər kimi bizim də təyinat imkanımız yoxdur. Ümumiyyətlə təyinat sözü belə artıq unudulmaqdadır. Düşünürəm ki, təyinatın olmaması özlüyündə müsbət amildir, hər kəs haqqı olan yerdə, vəzifədə, işin başında olmalıdır. Bu, gənclərimiz arasında rəqabət imkanını da gücləndirir. Tələbələrimiz daha yaxşı iş imkanı qazanmaq üçün 4 il müddətində yüksək səviyyədə çalışırlar. Təbii ki, universitet olaraq biz də əlimizdən gələni edirik ki, onların hazırlıq səviyyəsi yüksək olsun. 
Biz son illər çalışırıq ki, real layihələrlə tələblərin marağını cəlb edək. Yəni ölkə daxilində fəaliyyət göstərən və eləcə də xarici dizayn sahəsi ilə məşğul olan qurumları, firmaları, şəxsləri universitetə dəvət edək, tələbələrin onlarla əlaqə qurmasına şərait yaradaq. Bu gün bu sahə ilə məşğul olan şirkətlər artıq tələbə ikən fərqlənən gənclərlə tanış olmağa daha maraqlıdırlar. Belə bir mühit tələbələrimiz üçün də çox böyük vədlər verir, onlar real layihələrlə tanış olurlar, təcrübə imkanı əldə edirlər və beləliklə, məzun olduqdan sonra bu sahədə düzgün istiqamətlənmələrinə, özlərini tapmağa şərait yaranır. 
Hələki konkret statistikasını aparmasaq da deyə bilərəm ki, məzunlarımızın böyük əksəriyyəti öz ixtisasları üzrə işləyirlər. 

17-04-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]