Gülçöhrə Məmmədova ikili diplom müqaviləsi çərçivəsində POLİMİ-də təhsil alan AzMİU tələbələrinin tədris prosesi ilə yerində tanış olub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Milan Politexnik Universitetinə səfəri yekunlaşıb.
Səfərin son günündə rektor Milan Politexnik Universiteti Dizayn fakültəsinin dekanı Francesco Zurlo, Dizayn məktəbinin professoru Mauro Ceconello, Silviya Kramegna və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları ilə görüşüb.
Görüşlərdə AzMİU və POLİMİ arasında dizayn ixtisası üzrə həyata keçirilən ikili diplom müqaviləsinin tədris məsələləri müzakirə edilib.
AzMİU-da memarlıq və dizayn ixtisasları üzrə Qərbin, xüsusilə İtaliyanın ali təhsil təcrübəsinə böyük önəm verildiyini qeyd edən professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi universitetin POLİMİ ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb. Rektor bildirib ki, dizayn ixtisası üzrə həyata keçirilən ikili diplom müqaviləsi gələcək əməkdaşlıqlar üçün əlverişli mühit formalaşdırmaqdadır.
Mauro Ceconello ikili diplom proqramı çərçivəsində Milanda təhsil alan AzMİU tələbələrinin POLİMİ-də keçdikləri dərslər, laboratoriya işləri və icra etdikləri layihələr barədə məlumatlar verib. Eyni zamanda tələbələrin hazırlıq səviyyəsindən, dil və proqram biliklərindən razılığını ifadə edib. Layihənin gələcək inkişaf perspektivləri müzakirə edilib.
Sonra professor Gülçöhrə Məmmədova ikili diplom müqaviləsi çərçivəsində POLİMİ-də təhsil alan AzMİU tələbələri ilə görüş keçirib. Rektor tələbələrlə tədris prosesi, onların yaşayış şəraiti, üzləşdikləri çətinliklərlə bağlı ətraflı söhbət aparıb, onlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr verib.
Qeyd edək ki, AzMİU bakalavriat səviyyəsi üzrə Türkiyənin İstanbul Texnik Universiteti, İtaliyanın Milan Politexnik Universiteti və Fransanın CNAM Universiteti ilə, magistratura səviyyəsi üzrə isə İspaniyanın Koruna Universiteti, İtaliyanın Milan Politexnik Universiteti və Portuqaliyanın Leiria Politexnik İnstitutu ilə ikili diplom proqramları həyata keçirir. Böyük Britaniyanın Vestminster Universiteti (memarlıq abidələrinin bərpası və yenidən qurulması ixtisasında) və Türkiyənin Ankara Universiteti (elektrik və elektronika mühəndisliyi) ilə imzalanan ikili diplom proqramı üzrə bu ildən etibarən tələbə qəbulu həyata keçiriləcək.