AzMİU-nun təbliğat-təşviqat qrupu şagirdlərlə görüşə start verib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təbliğat-təşviqat qrupu Bakı və bölgələrimizdə təhsil alan yuxarı sinif şagirdləri ilə görüşlərə start verib.
İlk görüş Bakı şəhər Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada və 104 nömrəli tam orta məktəbdə keçirilib.
Gimnaziyada gerçəkləşən görüşdə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili, Abituriyent Məsləhət Mərkəzinin əməkdaşları Aynurə Bayramova və Rəna Cəbrayılova iştirak edib.
Prorektor Orxan Naqdiyev gələcək tələbələrə Azərbaycanın memarlıq və inşaat profilli ilk və yeganə universiteti olan AzMİU-nun üstünlükləri və perspektivləri, tədris prosesi, universitetdə tələbələr üçün yaradılan şərait, iş və təcrübə imkanları, beynəlxalq əlaqələri, ikili diplom layihələri ətrafında məlumat verib. Prorektor, həmçinin AzMİU-ya qəbul qaydaları, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri, tələb olunan əsas göstəricilər haqqında da danışıb.
THİK sədri universitetdə tədrislə yanaşı tələbələrin sosial fəaliyyəti istiqamətində aparılan işlərdən, onların ictimai aktivliyinə ayrılan diqqətdən söhbət açıb.
104 nömrəli tam orta məktəbində keçirilən görüş də eyni qaydada davam edib. Şagirdlərə təbliğat-təşviqat qrupunun nümayəndələri tərəfindən universitet, ixtisaslar, fakültələr, tələbələrin ictimai və sosial fəaliyyəti istiqamətində yaradılan şərait barədə geniş məlumat verilib.
Görüşlərdə AzMİU-nun tanıtım videoçarxı təqdim olunub, abituriyentlərin sualları cavablandırılıb. Yekunda zalda əyləşən şagirdlərə universitet haqqında məlumatların əks olunduğu bukletlər paylanılıb.
Qeyd edək ki, AzMİU-nun təbliğat-təşviqat qrupu hər il ənənəvi olaraq Bakı və bölgə məktəbliləri ilə görüşləri bu il də təkrarlayacaq. Gələcək tələbələrə universitetin ixtisasları, fakültələri, təhsil imkanlarından bəhs edərək gələcək peşələrini seçməkdə dəstək olacaq.