AzMİU-da “Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış” mövzusunda elmi-praktik konfrans keçiriləcək
19 aprel 2024-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrası tərəfindən “Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış” mövzusunda respublika elmi-praktik konfrans keçiriləcək.
Konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutacaq. Konfransda Azərbaycan Respublikası Auditorlar Palatası, müxtəlif institutlar, elmi-tədqiqat mərkəzləri, ali təhsil ocaqlarından nümayəndələr və məruzəçilər iştirak edəcəklər.
Konfransın plenar iclasında “Qərbi Azərbaycan iqtisadiyyatının mövcud durumu, problemləri və perspektivləri”,“1988-ci ilə qədərki dövrdə Qərbi Azərbaycanda yaşayan bölgələrin Ermənistan SSR-nin iqtisadiyyatında rolu”, “Qərbi Azərbaycan: Ana vətənlə iqtisadi reinteqrasiya”, “Zəngəzurda türk mənşəli toponimlərə erməni soyqırım siyasəti” mövzularında məruzələr yer alacaq. Konfrans sosial iqtisadi potensial və gələcəyə baxış olmaqla 2 bölmə üzrə keçiriləcək. Bölmələrdə “Qərbi Azərbaycanın sosial-iqtisadi inkişaf potensialı”, “Qərbi Azərbaycanın regionlarının tarixi-iqtisadi potensialı və gələcəyə baxış” mövzularında məruzələr dinləniləcək.
Məruzəçilər konfransın mövzusuna uyğun olaraq Qərbi Azərbaycan iqtisadiyyatının mövcud durumu, problemləri, prespektivləri, iqtisadi inkişaf potensialını birgə müzakirə edərək, bu regionun keçmişinə, bu gününə, gələcəyinə nəzər yetirəcək və birgə həll yolları axtaracaqlar.
Konfrans AzMİU-nun III korpusu, IV mərtəbə, akt zalında saat 11:00-da keçiriləcək.
Ünvan: AzMİU, Ayna Sultanova, 11
Tel: (+99412) 538-92-83
E-Mail: [email protected]