Prorektor A.Qasımovun hesabatı dinlənilib – 2023/2024-cü tədris ilinin payız semestrının imtahan sessiyasının nəticələri ötən sessiya ilə müqayisədə daha yüksək olub


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Elmi Şurasının növbəti iclası keçirilib. Elmi şuranın sədri, universitetin rektoru professor Gülçöhrə Məmmədova iclas iştirakçılarını salamlayıb, gündəlikdə duran məsələlərlə onları tanış edib.

Gündəlikdə duran ilk məsələ - “AzMİU-da 2023/2024-cü tədris ilinin payız semestrının imtahan sessiyasının nəticələri və yaz imtahan sessiyasına hazırlıq barədə” olub. Hesabatı təqdim edən Tədris işləri üzrə prorektor professor Akif Qasımov həm bakalavriat, həm də magistratura səviyyələri, fakültələr və kurslar üzrə payız imtahan sessiyasının keyfiyyət və kəmiyyət göstəricilərini iclas iştirakçılarının diqqətinə çatdırıb və bu sessiyada keyfiyyət və kəmiyyət göstəricilərinin əsasən yüksəldiyini vurğulayıb. İmtahan sessiyasının gedişinə operativ nəzarət həyata keçirildiyini söyləyən Akif Qasımov rektor Gülçöhrə Məmmədovanın əmri ilə xüsusi imtahan qərargahı və Apellyasiya Komissiyası yaradıldığını, Komissiyaya daxil olan şikayətlərin zamanında araşdırıldığını, bunun üçün “qaynar xətt”in də yaradıldığını qeyd edib. Prorektor sessiya boyu əldə edilən uğurlar və çatışmazlıqlardan danışıb, eyni zamanda, 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili, hazırlığın vəziyyəti məsələlərinə də aydınlıq gətirib. 

Sonra universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyevin hesabatı dinlənilib. Prorektor “Universitetin ölkə və beynəlxalq səviyyələrdə tanınmasının vəziyyəti və qarşıda duran vəzifələr barədə” hesabatında bununla bağlı həyata keçirilən tədbirlərdən danışıb. Orxan Naqdiyev qeyd edib ki, AzMİU-nun adının nüfuzlu reytinq siyahılarında yer alması üçün kompleks iş aparılır. Orxan Naqdiyev bununla yanaşı, ölkə daxilində də tanınma ilə bağlı həyata keçirilən layihələrdən, təbliğat kampaniyalarından danışıb, görüləcək işlərlə bağlı Şura üzvlərinə məlumat verib.  

Nəqliyyat fakültəsinin dekanı dosent Elçin Yusifzadə isə universitetin 3 ixtisası üzrə beynəlxalq akkreditasiya dair özünütəhlil hesabatı ilə çıxış edib. 

Məruzəçilər Elmi Şura üzvlərinin suallarını cavablandırıb, məruzə mövzuları ilə bağlı fikir mübadiləsi aparılıb. 

Daha sonra cari məsələlərə baxılıb, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müdiri dosent Ağsəf Ağayevə AzMİU-nun fəxri professoru adı verilib və müsabiqə işləri yerinə yetirilib. 

Rektor professor Gülçöhrə Məmmədova çıxış edərək hesabatlara münasibətini bildirib, toxunulan məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

04-04-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]