Könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətinin gənclər arasında təşviqi - AzMİU-da maarifləndirici görüş keçirilib
“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin nümayəndələri ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) tələbələri arasında maarifləndirici görüş keçirilib.
Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin(THİK) sədri Şahmar Rəfili görüşü açıq elan edərək ölkəmizdə uğurla həyata keçirilən könüllülük hərəkatından danışıb. Könüllülük fəaliyyətinin gənclərin işgüzarlığı, bilik və bacarığının artırılması, eləcə də dünya görüşünün genişlənməsindəki rolunu xüsusi vurğulayıb. THİK sədri universitetdə gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və praktik biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətinin gənclər arasında təşviqi məsələsini önə çəkərək, bu fəaliyyətin onların gələcək iş həyatında önəmli rol oynadığını bildirib. AzMİU tələbələrini aktiv olmağa, mədəniyyət könüllüləri sırasına qoşulmağa səsləyib.
“Mədəniyyət Könüllüləri” İB-nin sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli qurumun məqsədi və fəaliyyəti haqqında söhbət açıb. O qeyd edib ki “Mədəniyyət Könüllüləri” İB 2023-cü ilin aprel ayında fəaliyyətə başlayıb. Ötən müddət ərzində İB-nin üzvləri Teatr, Kino, Azərbaycan Dili və Ədəbiyyatı, Musiqi, Mədəniyyət və Yaradıcı Sənayelər, Mədəni İrs Forumlarında, habelə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimində, Uşaq İncəsənət, “Muğam Aləmi”, III “Korkut Ata” Türk Dünyası Film festivallarında, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində aktiv iştirak ediblər. Onlar həmçinin ölkəmizdə keçirilən Özbəkistan və Qazaxıstanın Mədəniyyət günləri, Vaqif Poeziya Günləri, eləcə də Füzuli və Laçın şəhəri günlərində də fəallıq göstəriblər.
Ülviyyə Bəbirli çıxışının yekununda auditoriyanın nəzərinə çatdırıb ki, çox sayda gənci ətrafında birləşdirən mədəniyyət könüllüləri ölkəmizin mədəni həyatında baş verən bütün tədbirlərə qoşulur və mədəniyyətə könül vermək üçün həqiqətən böyük səy göstərir.