Universitetimizin tələbəsi şəhid Qoşqar Ömərovun xatirəsinə həsr olunan intellektual yarışın qalibləri mükafatlandırılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) universitetin magistrantı, “Hədəf kursları”nda müəllim kimi fəaliyyət göstərmiş Vətən müharibəsi şəhidi Qoşqar Ömərovun xatirəsinə həsr edilən “Qoşqar – Riyaziyyat və Məntiq” yarışının mükafatlandırma mərasimi keçirilib.
İlk olaraq, Vətən müharibəsi şəhidi Q.Ömərovun qısa həyat yolu haqqında məlumat verilib, video-çarx təqdim olunub.
Q.Ömərovun simasında bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və hərbi orkestrin müşaiyəti ilə Azərbaycan Dövlət Himni səsləndirilib.
AzMİU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev çıxış edib. Rektor Gülçöhrə Məmmədovanın salamını tədbir iştirakçılarına çatdıran prorektor qaliblərə uğurlar arzulayıb. Universitetin magistrantı Q.Ömərovun ömür yolunun gələcək nəsillər üçün örnək olduğunu, vətənini sevən, ailəyə bağlı, yüksək əxlaqlı bu gəncin xatirəsinin hər zaman onu sevənlər tərəfindən uca tutulacağını söyləyib.
“Hədəf Şirkətlər Qrupu”nun baş direktoru dosent Şəmil Sadiq çıxış edərək şəhid Q.Ömərovun keçdiyi şərəfli ömür yolundan danışıb. O, bildirib ki, Qoşqar müəllimin xatirəsi çalışdığı “Hədəf kursları” tərəfindən əbədiləşdirilib, Nizami filialında barelyefi vurulub və dərs dediyi sinif otaqlarından birinə onun adı verilib.
Vətən müharibəsi iştirakçısı, Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Elvin Əzizov öz nitqində şəhidin xatirəsinə həsr edilən layihəyə görə təşkilatçılara təmsil etdiyi qurum adından öz təşəkkürünü bildirib.
Yarışın təşkilatçılarından olan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, tərəfdaş qurumlardan “İnci Şirkətlər Qrupu”nun rəhbəri Mikayıl Yusifov və Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
Q.Ömərovun xatirəsinə həsr olunan “Qoşqar-Riyaziyyat və Məntiq” yarışı Təşkilat Komitəsinin rəhbəri dosent Elvin Əliyev layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, 2022-ci ildə “Hedef Global” tərəfindən təsis edilən yarışın builki buraxılışının təşkilatçıları AzMİU, “MÜSİAD” Azərbaycan və “Hədəf Şirkətlər Qrupu”dur. Layihənin tərəfdaşları isə Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası, “OYAL”, “Kitabevim.az” mağazalar şəbəkəsi, “SinKOD” və “Sınaq İmtahan Mərkəzi”dir.
“Qoşqar – Riyaziyyat və Məntiq” yarışının imtahan mərhələsində Bakı, Naxçıvan, Sumqayıt, Xırdalan, Kürdəmir, Balakən, Astara şəhərləri və Masazır qəsəbəsi olmaqla 23 imtahan məntəqəsində 5200 nəfər şagird öz biliyini sınayıb. Layihə orta ümumtəhsil məktəblərinin və liseylərin Azərbaycan bölməsində təhsil alan V, VI, VII, VIII sinif şagirdləri arasında təşkil edilib.
Ödənişsiz təşkil olunan yarış təşkilatçılar və tərəfdaşların maliyyə dəstəyi ilə həyata keçirilib.
Bundan sonra qaliblərin mükafatlandırılmasına başlanılıb. Yarışın əsasnaməsinə uyğun olaraq hər sinif üzrə ilk 5 yerin qalibləri “Diplom”, “Fəxri fərman”, “Medal” və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Şəhid Qoşqar Ömərovun atası Səxavət Ömərov və “Hədəf kursları”nın həmtəsisçisi Vüqar Tarquliyev qaliblərə hədiyyələri təqdim edib və yekun nitq söyləyiblər.
Mükafatlandırma mərasimində qalib şagirdlərin valideynləri, Vətən müaribəsi iştirakçıları, ictimaiyyət nümayəndələri, təhsil işçiləri qonaq qismində iştirak ediblər.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Fərman Əsgərov və Leyla Əliyeva vətənpərvərlik ruhunda mahnılar səsləndiriblər.
Sonda xatirə şəkli çəkdirilib və layihənin builki buraxılışına yekun vurulub.