AzMİU-da ilk dərslər 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün fakültələrində, universitetin nəzdindəki İnşaat Kolleci və Fizika-Riyaziyyat Təmayüllü Liseydə ilk dərslər 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilib. Dərslər başlamazdan əvvəl bütün auditoriyalarda 31 Mart Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AzMİU-nun müəllimləri tərəfindən əcnəbi tələbələr də daxil olmaqla gənclərə Azərbaycan xalqına qarşı törədilən ən qanlı soyqırımın tarixi haqqında geniş məlumat verilib. Auditoriyalarda multimedia vasitələrindən istifadə etməklə azərbaycanlıların ermənilər tərəfindən kütləvi öldürülməsi, şəhər, rayon və kəndlərin yandırılması, memarlıq abidələrinin dağıdılması faktlarını özündə əks etdirən video-çarxlar, fotolar nümayiş olunub. Tələbələrə 1918-ci ilin mart, aprel və may aylarında baş verən və kütləvi qırğınlara səbəb olan hadisələrə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyi, bu hadisənin bir soyqırımı aktı kimi sənədləşdirildiyi söylənilib.
Sonda xalqımızın üzləşdiyi soyqırımların təkrarlanmaması üçün tarixi dərindən bilmək, daim yaddaşlarda saxlamaq, zəruri nəticələr çıxarmaq, onu gələcək nəsillərə ötürməyin vacibliyi vurğulanıb.