31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür
31 mart tarixi ermənilər tərəfindən etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinə məruz qalmış azərbaycanlıların xatirəsinin yad edildiyi gün – Azərbaycanlıların Soyqırımı Günüdür.
106 il bundan öncə 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrində on minlərlə dinc azərbaycanlıya qarşı amansız qətliamlar həyata keçirilib. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16 mindən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.
Radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin ayrılmaz tərkib hissəsi olan sözügedən qətliamların sistematik və planlı xarakter daşıması, Qafqazın Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın törədilmiş qətliamlarda Bakı Sovetinin 6000 və Daşnaksütyun partiyasının 4000 silahlı əsgərinin iştirak etdiyinə dair etiraflarında da sübut olunur.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi.
Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınıb. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olub. Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır.
Bütün bunlar onu deməyə əsas verir ki, faşist ideologiyasına xidmət edən ermənilər Azərbaycan və türk xalqına qarşı hər zaman düşmən mövqedə olublar. Hər zaman saxta faktlar yaradaraq tarixi saxtalaşdırmağa çalışıblar. Prezident İlham Əliyev qeyd etdiyi kimi, tarixi necə saxtalaşdırıblar, reallığı da elə saxtalaşdırıblar. Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən ermənilərin şəbəkələri saxta məlumat yaymaqla məşğuldurlar və olmayan şeyləri reallıq kimi qələmə verirlər. Əlbəttə, hər bir azərbaycanlı düşmənin məkrli siyasətinə qarşı ayıq olmalı, dövlətin atdığı addımların arxasında olmalıdır. Azərbaycan xalqı tarix boyu bir çox faciələrlə üzləşməsinə baxmayaraq, özünün müstəqillik əzmini qoruyub saxlayıb, yenilməz birlik və həmrəylik nümayiş etdirib. Xüsusilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və ordumuzun ətrafında “Dəmir yumruq” kimi birləşən Azərbaycan xalqı 44 gün ərzində gücünün, qüdrətinin nələrə qadir olduğunu düşmənə və bütün dünyaya bir daha nümayiş etdirdi. Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, tarixi ədaləti də bərpa etmiş oldu. Və bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Qəhrəman ordumuz düşməni darmadağın edərək bütün şəhidlərimizin, 31 Mart soyqırımı qurbanlarının qisasını aldı.
Allah soyqırımı qurbanlarına rəhmət eləsin, məkanları cənnət, ruhları şad olsun!