Müəllim və tələbələrimiz “WORK4CE” layihəsi çərçivəsində Belçikada səfərdə olublar


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndələri Belçikanın Ku Leuven Universitetinin təşkilatçılığı ilə tələbələr üçün təşkil edilən pilot tədris həftəsində iştirak ediblər.

Avropa İttifaqının Erasmus+ CFHE “21-ci əsrdə sağlam və təhlükəsiz iş üçün sahələrarası səlahiyyətlər”- “WORK4CE” layihəsi çərçivəsində “Rəqəmsal biznes ekosistemi və təhlükəsiz iş yerlərinin inkişafı” adlı dərslər təşkil olunub.

Pilot tədris həftəsinə AzMİU-dan Layihələrin idarəolunması kafedrasının müəllimi İsa Muradov, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müəllimi Kənan Həsənov və 3 tələbə qatılıb. 

AzMİU-nun müəllimi Kənan Həsənov pilot dərs həftəsi çərçivəsində “Dayanıqlı gələcək mobillik üçün rəqəmsal ekosistemlər” modulu üzrə tələbələrə mühazirə oxuyub. O, mühazirədə davamlı və enerjiyə qənaət edən mobilliyin gələcəyinin formalaşmasında rəqəmsal ekosistemlərin oynadığı əsas roldan danışıb. Bir-biri ilə əlaqəli texnologiyaların və məlumatlara əsaslanan həllərin insanların və malların hərəkətinə transformativ təsirinə diqqət çəkib. 
 
İsa Muradovun mentorluğu ilə tələbələrimiz pilot tədris həftəsində digər universitet tələbələri ilə birgə qrup işləri yerinə yetiriblər. Sonda 18 tələbə qrupu arasında seçilən AzMİU-nun komandası qalib olaraq sertifikatlara layiq görülüb.

Beş gün davam edən dərs həftəsində layihənin digər beynəlxalq iştirakçıları da çıxış ediblər. Layihə haqqında fikir mübadiləsi aparılıb, iştirakçılar qarşısında qoyulan öhdəliklər və gələcək zəruri addımlar müzakirə olunub.

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “WORK4CE” layihəsinə Azərbaycanla yanaşı, Almaniya, Belçika, İspaniya və Ukrayna da üzvdür. 

Layihənin məqsədi mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin uğurlu birgə istehsal yanaşmasının tətbiqi sayəsində rəqəmsal transformasiyanın idarə olunması üçün əlaqəli imkanları inkişaf etdirməkdir.
 

19-03-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]