Ölkəmizin gələcək dostları – əcnəbi tələbələrimizin Novruz sevinci


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Əcnəbi vətəndaşların hazırlığı fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Özfəaliyyət Klubunun birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Novruz gəlir, yaz gəlir” adlı möhtəşəm ədəbi-bədii konsert proqramı keçirilib. 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan proqramda Türkiyənin Azərbaycandakı Təhsil müşaviri Yurdagül Aydoğan, əməkdaşlar Faiq Bayramov, Ali Aköz, Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mustafa Abdel Halim Mahmoud, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin mütəxəssisi Zaur Cəfərli, AzMiU rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşlar və tələbələr iştirak ediblər.

Ədəbi-bədii konsert proqramı virtual şəkildə vətənimizin mədəniyyət mərkəzi olan gözəl Şuşada keçirilib. Aparıcılar Şuşa qalasının qarşısından qonaqları salamlayıb. Sonra ölkə başçısı İlham Əliyevin Şuşa çıxışı və Şuşadan görüntülərin yayımlandığı videoçarx yer alıb.
   
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək konsertin qonaqlarını, universitet əməkdaşlarını və tələbələri Novruz bayramı münasibətilə ürəkdən təbrik edib. Rektor təbrik çıxışında bildirib ki, artıq dördüncü ildir ki, Azərbaycan xalqının çoxəsrlik tarixi ənənələrini və zəngin mədəniyyətini tərənnüm etdirən Novruz bayramını ərazi bütövlüyümüzün təmin olunduğu şəraitdə qeyd eməyin qürurunu yaşayırıq. Müzaffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsində soydaşlarımız milli bayramımız olan Novruzu ata-baba yurdlarında qeyd edir, Qarabağ yenidən dirçəlir, çiçəklənir, əvvəlki ruhuna qayıdır. 

Professor Gülçöhrə Məmmədova təbiətin oyanışını ehtiva edən bu bayram münasibətilə hər kəsi yeni ruhla, əzmlə çalışmağa, daha çox nailiyyətlər əldə etməyə səsləyib, Novruzun hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirməsini arzulayıb.

Daha sonra konsert proqramına keçilib. Novruzun əsas obrazları olan Bahar qızı, Kosa, Keçəl səhnəyə daxil olub. Bahar qızı əlində Novruzun nişanəsi olan səməni tutaraq Kosa və Keçəli səsləyib, qonaqlarla birgə yumurta döyüşdürüb, şeirlər səsləndiriblər. Əcnəbi tələbələrin ifasında bayram ruhlu şeirlərimiz, mahnılarımız böyük məharətlə təqdim olunub, haxıştalar söylənilib. Tədbirdə əcnəbi tələbələr öz ölkələrinə məxsus rəqslər, mahnılar da ifa edib. 

Novruz bayramını od-ocaqsız, gur Novruz tonqalı olmadan təsəvvür etmək mümkün olmadığından tələbələr səhnədə hazırlanan tonqal maketin ətrafına toplaşıb, birgə dövrə vurublar. 

Konsert proqramı AzMİU-nun bədii yaradıcılıq qrupunun ifaları ilə davam edib.

Sonda əcnəbi tələbələr Özfəaliyyət Klubunun tələbələri ilə birgə öz ölkələrinə məxsus bayraqlarla səhnəyə daxil olub, konsert proqramı bununla yekunlaşıb.
 

18-03-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]