Memarlıq fakültəsinin tələbələri gənc memar Nicat Məmmədzadə ilə görüşüb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) tələbələri ilə gənc memar Nicat Məmmədzadənin  görüşü baş tutub. 

Memarlıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə gerçəkləşən görüşü açıq elan edən fakültənin TEC sədri, Memarlığın əsasları kafedrasının dosenti Fidan Mustafayeva belə görüşlərin tələbələr üçün olan əhəmiyyətinə toxunub. Gənc memar və onun layihə işləri  haqqında  məlumat verib.

Öz təcrübələrini tələbə memarlarla bölüşən Nicat Məmmədzadə layihələrini nümayiş etdirib, işlərinin spesifik xüsusiyyətləri, kompozisiyası, eləcə də layihələrində yer alan inşaat materiallarının seçimi barədə  geniş məlumat verib. O, tələbələrə gələcəkdə yerinə yetirəcəkləri layihələrdə şəhər mühitinin formalaşması məsələsinə xüsusi diqqət yetirmələrini bildirib.

Fidan Mustafayevanın moderatorluğu ilə keçən görüş diskussiya formasında davam edib. 
 

14-03-2024