İdman ictimaiyyətinin nümayəndələri tələbələrlə görüşüb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) idman ictimaiyyətinin tanınmış üzvləri ilə tələbələrin görüşü keçirilib. Görüşün məqsədi gənc tələbələrin sağlam həyat tərzinə və idmana marağını artırmaq olub. 

AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev çıxış edərək, qonaqları salamlayıb və ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. Prorektor son illər əldə etdiyimiz naliyyətlərə, gənclərin idmana artan marağına diqqət çəkib və ölkəmizdə çox sayda idman kompleksinin, məşq salonlarının, meydançaların istifadəyə verildiyini qeyd edib. 

Prorektor əlavə edib ki, ölkə idmanının inkişafı AzMİU-nun İdman Klubunun da inkişafına müsbət təsir edib. Universitetdə yaradılan şərait və idmanın müxtəlif növləri üzrə mütəxəssis cəlbindən danışan Orxan Naqdiyev klubun fəaliyyətinin daha da genişlənəcəyini vurğulayıb.  

AzMİU-nun İdman Klubunun rəhbəri Ramin Allahverdiyev çıxışında universitetdə idmanın inkişafı üçün hər bir şəraitin yaradıldığını, gənclərin bu istiqamətə marağının getdikcə artdığını qeyd edib. O, bildirib ki, idmana marağı olan tələbələrin idman ictimaiyyəti ilə görüşü onların bu istiqamətdə inkişafını stimullaşdıracaq. 

Əməkdar jurnalist Aslan Şirəliyev, "Neftçi" İdman Klubu İctimai Birliyinin sədri Sadıq Sadıqov, Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının (ADBTİA) baş müəllimi Hicran Şərifov, İdman tv-nin şöbə rəisi, əməkdar jurnalist Fikrət Adıgözəlli, sərbəst güləş üzrə U20 millinin baş məşqçisi Arif Abdullayev, beynəlxalq dərəcəli hakim Tural Əliyev, yunan-Roma güləşi üzrə "Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə əldə edən Həsrət Cəfərov, yunan-Roma güləşi üzrə millinin məşqçisi Həsən Əliyev, "Qarabağ" Futbol Klubunun üzvü Bəhlul Mustafazadənin atası və ADBTİA-nın dekan müavini dosent Novruz Əsgərov tələbələr qarşısında nitq söyləyib, idmanın, sağlam həyat tərzinin əhəmiyyətindən danışıblar. 

Sonda "Olimpsport" idman jurnalının sorğusu əsasında hazırlanan "Qızıl 10-luq" Mükafatı nominantlarına təqdim olunub.

14-03-2024