TGT-nin təşkilatçılığı ilə II BMT modeli olan daxili simulyasiya konfransı keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Gənclər Təşkilatı (TGT) AzUAC MUN klubun təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş II BMT modeli olan daxili simulyasiya konfransı keçirilib.
Konfransın mövzusu BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan "Qadınların siyasi və iqtisadi gücünün artırılması" olub. Konfrans zamanı AzMİU tələbələri dünyanın 20 ölkəsini təmsil edərək mövzunu müzakirə edibilər. Mühazirələr və debatlar apararaq, verilən problemlər üzrə həll yollarını araşdırıb, müxtəlif qətnamələr hazırlayıb, qəbul ediblər.
Konfransın açılışında AzMİU TGT-nin MUN klubunun sədri Nigar Qasımova çıxış edərək qeyd edib ki, qloballaşan dünyada peşəsindən asılı olmayaraq hər kəsin ictimai, siyasi və diplomatik aktivlik göstərməsinə, gənc yaşlarından debat aparma bacarığının inkişaf etdirilməsinə ehtiyac var.
Sonda AzMİU TGT-nin sədri Tacir İsmayılzadə konfransda iştirak edən gənclərə təşəkkürünü bildirib, hər kəsə uğurlar arzulayıb.