Azərbaycan yol təsərrüfatında tanınan alim Qəhrəman Əhmədov AzMİU-nun qonağı olub

“AzVİRT” MMC-nin baş direktorunun elmi  işlər üzrə müavini,  Azərbaycan yol təsərrüfatında tanınan alim, texniki elmlər doktoru Qəhrəman Əhmədov Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) qonağı olub. 

Tanınmış alim universitetin tələbə və müəllimləri ilə ünsiyyətdə olub, öz təcrübələrini onlarla bölüşüb.

Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri Ruhəngiz Əliyevanın təşəbbüsü ilə  gerçəkləşən görüşdə universitetin  Tikinti-iqtisad fakültəsinin iqtisadiyyat və Nəqliyyat fakültəsinin nəqliyyat tikintisi mühəndisliyi ixtisaslarında  təhsil alan   tələbələri iştirak edib.

Qonaq öz çıxışında  ilk təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (Azərbaycan Memarlıq və İnşaat Universiteti)  aldığını, peşəkar mütəxəssis kimi yetişməsində bu ali təhsil ocağının böyük rolunun olduğunu bildirib.  Həmçinin  “AzVİRT” MMC və AzMİU-nun uğurlu əməkdaşlığından söhbət açıb.  Əməkdaşlığın nəticəsi olaraq hər il AzMİU-nun tələbə və magistrantlarının şirkətdə təcrübə proqramlarına cəlb olunduğunu diqqətə çatdırıb.

Şirkətin respublika daxilində və xaricində həyata keçirdiyi layihələrə toxunan Qəhrəman Əhmədov xüsusiylə  Qarabağda reallaşdırdıqları yol nəqliyyat infrastrukturu, hava nəqliyyat infrastrukturu  layihələri haqqında geniş məlumat verib. Alim həmin layihələri özündə əks etdirən  videoçarx  təqdim edib. 

Maraqlı müzakirələrlə keçən görüşün yekununda Qəhrəman Əhmədov tələbələri maraqlandıran sualları cavablayıb. Aktiv iştiraka və maraqlı suallara görə tədbir iştirakçılarına təşəkkürünü bildirən qonaq belə görüşlərin davamlı olmasını arzulayıb.
 

12-03-2024