AzMİU-nun 800-dən artıq tələbəsi əqli mülkiyyətin müxtəlif aspektləri üzrə biliklərə yiyələnib


Prezident İlham Əliyevin rəhbərliyi ilə əqli mülkiyyət sahəsində aparılan konseptual və institusional islahatlar Əqli Mülkiyyət Agentliyini ölkəmizdə elmin inkişafına, elmi potensialın gücləndirilməsinə, elmi-tədqiqat işinin səmərəsinin artırılmasına, elm və təhsilin inteqrasiyası üzrə təşviq mexanizmlərinin formalaşmasına və digər istiqamətlərdə əhəmiyyətli addımlar atmağa sövq edir. Görülən işlər arasında ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələri və elmi-tədqiqat institutları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması, əqli mülkiyyətlə maraqlananlar üçün davamlı kurslar və treyninqlər təşkil edilməsi, yaradıcılıq nəticələrinə əsaslanan startapların fəaliyyətinin dəstəklənməsi üzrə layihələr də yer alır. Elmlə sənaye arasında bağlantının yaradılması və perspektivli elmi-tədqiqat nəticələrinin iqtisadi inkişafın vacib elementlərindən biri kimi iqtisadi dövriyyəyə cəlb olunması üçün həyata keçirilən əməkdaşlıqlardan biri də Əqli Mülkiyyət Agentliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında reallaşıb. Belə ki, 2023-cü ilin avqust ayında  Əqli Mülkiyyət Agentliyi və AzMİU-nun  rəhbər heyətlərinin  işgüzar görüşü keçirilib. Həmin görüşdə  AzMİU-da Əqli mülkiyyət kafedrasının yaradılması qərara alınıb və qısa vaxt ərzində kafedranın işi təşkil olunub. 
  
Hazırda AzMİU-nun  müxtəlif fakültələrində bakalavr və magistratura pillələrində 6 istiqamət, o cümlədən “Əqli mülkiyyətin əsasları”, “Yaradıcılıq sahələrində əqli mülkiyyətin yaranması və qorunması”, “Əqli mülkiyyət və iqtisadi inkişaf”, “İnformasiya texnologiyaları və əqli mülkiyyət”, “Texnoloji innovasiyalar və əqli mülkiyyət”, “Əqli mülkiyyət və inovasiyalar” fənləri üzrə tədris aparılır. Tələbələr üçün mühazirə və məşğələlər universitetin auditoriyaları ilə yanaşı, agentlikdə müasir avadanlıqlarla təchiz edilmiş SMART tipli auditoriyalarda keçirilir.

Birinci semestrin yekunlarının ilkin təhlil göstərir ki, əqli mülkiyyətlə bağlı fənlər tələbələr arasında geniş marağa səbəb olub, hətta yaradıcı təfəkkürlü bir qrup tələbənin əqli mülkiyyət sahəsi ilə bağlı dissertasiya işləri yazmaq istəyi ilə kafedraya müraciət etdiyi bildirilir. 

Kafedra tərəfindən 2023-2024-cü tədris ilinin birinci semestrində bakalavr pilləsi üzrə 31,  magistr pilləsi üzrə 23 qrupda tədris işi təşkil edilib, 800-dən artıq tələbə əqli mülkiyyətin müxtəlif aspektləri üzrə biliklərə yiyələnib. Agentliyin 14 nəfər mütəxəssisi isə həmin dərslərin keçilməsinə cəlb olunub. 

Qeyd edək ki, ilkin uğurların fonunda müəyyənləşdirilən hədəflərin qısa zamanda reallığa çevrilməsi Əqli Mülkiyyət Agentliyi ilə AzMİU arasında əməkdaşlığın daha da güclənməsinə təkan verib. Hazırda əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsi, o cümlədən universitetdə təhsil alan tələbələrin müvafiq sahələr üzrə tədqiqat işlərinə cəlb olunması, startapların yaradılması, universitet əməkdaşlarının elmi-tədqiqat nəticələrinin sənaye tətbiqinin təmin edilməsi və s. istiqamətlərdə addımların atılması nəzərdə tutulur.

11-03-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]