AzMİU-da 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan möhtəşəm bayram konserti keçirilib.
Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə gerçəkləşən konsert proqramında AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, universitetin qadın müəllim və əməkdaşları, tələbə xanımlar iştirak ediblər.
Tədbirdə çıxış edən Tədris işləri üzrə prorektor professor Akif Qasımov AzMİU-da çalışan və təhsil alan xanımların timsalında bütün Azərbaycan xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edərək, hər birinə xoşbəxt və firavan həyat, ailə səadəti, bütün işlərində uğurlar arzulayıb. “Azərbaycan qadınından danışanda hər zaman ailəni qoruyan, qayğısını çəkən qadın obrazı önə çəkilirdisə, artıq bu gün bunlarla bərabər qadınlarımız həyatımızın bütün sahəsində öndədir. Onlar ictimai həyatda fəal iştirak edir, uğurlar qazanır”, - deyə Akif Qasımov qeyd edib.
Tədbirin aparıcıları dünyanın bir çox ölkələrində hər il qeyd olunan bu əlamətdar tarix haqqında qısa məlumat veriblər. Qeyd ediblər ki, Azərbaycan qadını bütün dövrlərdə istedadı, zəkası və iradəsi ilə milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasında böyük xidmətlər göstərib. Müstəqil Azərbaycanın bugünkü ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında xüsusi rol oynayıb. 44 günlük Vətən Müharibəsinə toxunan aparıcılar qələbəni qanı-canı ilə yazan oğulların Azərbaycan qadınının əsəri olduğunu bildiriblər. Şəhid anaları və xanımlarını, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin ömür-gün yoldaşlarını, xalq üçün layiqli oğullar böyüdən əsgər analarını və onların timsalında bütün qadınları təbrik edib, xoş arzularını çatdırıblar.
Sonra tədbir bədii hissə ilə davam edib. Tələbələrin ifasında zəngin musiqi nömrələri ilə keçən konsert xanımlar üçün əsl bayram əhval-ruhiyyəsi, xoş ovqat yaradıb. Onların təqdimatında Ögey ana filmindən “Eşqimin növrağı”, “İravanda xal qalmadı”, Polad Bülbüloğlunun məşhur “Bir vətənim, bir anam” və “Əziz Ana” mahnıları ifa olunub, anaya, qadına aid şeirlər səsləndirilib.