Tələbə və məzunlarımıza dəstək – Təcrübə və Karyera Mərkəzi tərəfindən konsultasiya istiqamətli görüşlərə start verilib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Təcrübə və Karyera Mərkəzi konsultasiya istiqamətli görüşlərə start verib.
Universitetin məzun və tələbələrinin iş axtarışına dəstək olmaq məqsədi daşıyan konsultasiya “Zoom” platforması üzərindən təşkil olunub. Görüşdə mərkəzin müdiri Xanlar Qəniyev, mərkəzin karyera məsələləri üzrə böyük mütəxəssisi Leyla Rəhimova, konsultasiyadan yararlanmaq istəyən tələbə və məzunlarımız iştirak edib.
Mərkəz rəhbəri tərəfindən onlayn görüşə qoşulan şəxslərə karyera yolunda ilkin addım sayılan CV-lərin düzgün tərtib edilməsi qaydaları izah olunub. Bu mərhələdə ən çox yol verilən səhvlərə dair vacib məqamlara toxunulub, onların aradan qaldırılması istiqamətində tövsiyələr verilib.
Konsultasiyaya qoşulan hər bir şəxsə mərkəz əməkdaşları tərəfindən yarım saat vaxt ayrılıb. Onların ayrı-ayrılıqda CV-lərinə baxış keçirilib, yol verdikləri səhvlər aradan qaldırılıb.
Məlumat üçün qeyd edək ki, təşkil olunan belə görüşlərin əsas məqsədi tələbələrə karyeralarını qurmaqda düzgün istiqamət vermək və qarşıya çıxa biləcək problemlərin həllində onlara yardımçı olmaqdır.