Müəllimimiz Azad Mirzəcanzadə İnkişaf Proqramına ekspert seçilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) gənc müəllimi, Təbiət ve tullantı suların tədqiqi laboratoriyasının müdiri Seynurə Həsənova “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın Ekologiya bölməsi üzrə eksperti seçilib.

AzMİU və İtalyanın Sapienza universitetlərində təhsil alan Seynurə Həsənova “Azad Mirzəcanzadə İnkişaf Proqramı”na ekologiya istiqamətində təqdim edilən layihələri nəzərdən keçirəcək, seçilən namizədlərə tədqiqat işlərində rəhbərlik edəcək. 

Məlumat üçün bildirək ki, dünya şöhrətli alim Azad Mirzəcanzadənin adını daşıyan proqramın məqsədi yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək olmaqdır.

Bu proqrama müraciət edənlərin təqdim etdikləri layihə ideyaları xüsusi kriteriyalarla seçilən ekspertlərdən ibarət işçi qrupu tərəfindən qiymətləndiriləcək. Aktuallığı, reallığı, innovativliyi və yenilikçi olması ilə seçilən ideyaların müəllifləri ikinci mərhələdə iştirak imkanı qazanacaqlar. Bu mərhələdə iştirakçılara layihələrin hazırlanması və təqdimatı istiqamətində peşəkar dəstək veriləcək, həmçinin onların liderlik bacarıqlarının inkişafı üçün müxtəlif fəaliyyətlər təşkil olunacaq. Sonda qalib olan layihələrin icrası üçün maliyyə vəsaiti ayrılacaq.
 

05-03-2024