AzMİU-nun prorektoru Nərgiz Abdullayeva XII Azərbaycan-Rusiya Regionlararası Forumda çıxış edib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) prorektoru professor Nərgiz Abdullayeva XII Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib. 

Forum Rusiyanın Stavropol diyarının Mineralnıe Vodı şəhərində Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilib. 

Forum işini KOB sahəsində əməkdaşlığa həsr olunmuş B2B və B2G formatlarında görüşlər və müxtəlif istiqamətlər üzrə dəyirmi masalarda təşkil olunmuş müzakirələrlə başlayıb.

Yekunda keçirilən plenar iclasda Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin forum iştirakçılarına müraciətləri oxunub.

Plenar iclasda Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev, Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin, Azərbaycan Respublikası Milli Məclisinin sədrinin birinci müavini Əli Hüseynli, Rusiya Federasiyasının Stavropol diyarı hökuməti sədrinin birinci müavini Andrey Xlopyanov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru Nərgiz Abdullayeva və digər iştirakçılar çıxış edərək ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə dair fikir və təkliflərini bölüşüblər.

Forum çərçivəsində Azərbaycan Rusiyanın 80-ə yaxın subyekti ilə iqtisadi və humanitar sahələrdə mühüm əlaqələr qurulub, 20 subyektlə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı fəaliyyətə dair sənədlər imzalanıb.
 

01-03-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]