Əməkdaşımız Ramin Əkbərov yaratdığı startapla bağlı AZƏRTAC-a müsahibə verib
Startapçı: "Şirkətlər arasında əlaqələri sadələşdirən rəqəmsal biznes kartları martda bazara daxil olacaq"
Hazırda iqtisadi layihələrin icrası üçün böyük maliyyə vəsaiti və ya digər hər hansı bir böyük dəstəyə (məkan, biznes alətləri və sair) ehtiyac olmur. Belə ki, proqram və texnologiyaya, iqtisadiyyatda innovativliyə əsaslanan bir sıra bu tip layihələri startap adlandırırlar. İlk dəfə ABŞ-da tətbiq olunan startap layihələrinin əhatə dairəsi getdikcə genişlənir. Azərbaycanda da bu layihələrə maraq artmaqda davam edir. Ölkəmizdə startapçılara Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), o cümlədən qurumlar dövlət dəstəyi göstərir. KOBİA-nın sahibkarlara təqdim etdiyi “Startap” şəhadətnaməsi KOB subyektlərini innovasiya fəaliyyətindən əldə etdikləri mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
“Startap” şəhadətnaməsi almış sahibkarlardan biri də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi, AzMİU-nun İnnovativ biznes inkubatoru mütəxəssisi, Radiasiya problemləri İnstitutunun nüvə kimyası ixtisası üzrə fəlsəfə doktoru Ramin Əkbərovdur.
AZƏRTAC-a müsahibəsi zamanı “Bucard” startapının təsisçisi Ramin Əkbərov fəaliyyətinin son 6 ilində 3 startap yaratdığını bildirib.
İndiyədək 200-dən çox tələbəyə və məktəbliyə startap üzrə təlimlər keçdiyini diqqətə çatdıran Ramin Əkbərov hazırda mentorluq fəaliyyətini davam etdirdiyini vurğulayıb.
“Təsis etdiyim startaplarla bir sıra beynəlxalq proqramlara qoşulmuşam. Bizim startap komandamız 2022-ci ildə Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən “Take Off Baku Startup Summit”in finalçısı olub. Seçilmiş 6 startapdan biri bizə məxsus idi. Türkiyə ekosistemində sürətləndirmə proqramı qazanmışıq. Hazırda üzərində işlədiyimiz “Bucard” startapı ilə bazara daxil oluruq. “Bucard” startapı əlaqələrin optimal menecmentini təmin edən bir platformadır”, - deyə startapçı qeyd edib.
Yaratdığı rəqəmsal biznes şəbəkəsi platforması (www.bucard.az) barədə məlumat verən R.Əkbərov bildirib ki, bu layihəyə başlamaq üçün tələb olunan əsas resurs insan kapitalı olub. Təxminən 1,5 il ərzində hazırlanan layihə peşəkar əlaqələrini inkişaf etdirmək istəyən sahibkarlar üçün nəzərdə tutulur. Avanqard rəqəmsal biznes kart platforması olan “Bucard” biznes şəbəkəsi və peşəkar münasibətlərin idarə edilməsi sahəsində transformasiyaedici və innovativ qüvvə kimi ərsəyə gətirilib. Platforma istifadəçiləri rəqəmsal biznes kartları tərtib etmək, profilləri əlavə məlumatlarla artırmaq, məhsul və xidmətləri nümayiş etdirmək, vahid və sadələşdirilmiş platforma daxilində potensial biznes sözlərinə görə perspektivlərini araşdırmaq üçün münasib alətlərlə təchiz edir.
Startapçı sahibkarın sözlərinə görə, bu platforma biznes mühitində şirkətlər arasında qarşılıqlı əlaqələri sadələşdirir, iş adamlarına biznes əlaqələrinin sadələşdirilməsi üçün ən müasir həll olan rəqəmsal biznes kartları təqdim edir: “Bucard” fərdiləşdirməni təmin etməklə yanaşı, məlumatların paylaşılmasını da asanlaşdırır. Bu sistem QR kod, NFC və unikal axtarış sistemi vasitəsilə istifadəçilər arasında çox sadə məlumatların paylaşılması imkanı yaradır, müxtəlif kateqoriyalar üzrə məlumatları daxil etməklə hərtərəfli profil təqdim etmək səlahiyyəti verir. Platforma açar sözlər və ya müəyyən meyarlar əsasında müvafiq əlaqələrin qurulmasını sürətləndirir, əlçatan məkan daxilində bütün biznes əlaqələrini birləşdirir”.
Startapçı əlavə edib ki, çoxşaxəli platformada istifadəçilər məhsul və xidmət kataloqlarını təqdim etməklə yanaşı, videotəqdimatlar edə, iş və xidmətlərini nümayiş etdirə, biznes yerlərini xəritədə qeyd etməyə imkan verən portfel funksiyasını inteqrasiya edə bilərlər. Virtual olaraq kataloqlaşdırıla bilən bu kartlar adi biznes kartlarını qat-qat üstələyirlər. Onun sözlərinə görə, “Bucard”ın üstün cəhəti onun həm də reklam etmək imkanı verən funksionallığıdır. “Şəxsi” və “Biznes” paketlərinə abunə olan istifadəçilər məhsul və xidmətlərini “Bucard” istifadəçilərinə nümayiş etdirməklə bazar imkanlarını genişləndirə və bununla da bazarda nüfuzlarını artıra bilərlər. Bu, istifadəçilərə potensial müştərilərlə əlaqə yaratmağa və platforma vasitəsilə satışlarını artırmağa imkan verir.
R.Əkbərov həmçinin bildirib ki, hazırda 100-dən çox aktiv istifadəçi bazasına malik olan platforma ilə bağlı aparılan işlər bitmək mərhələsindədir, yaxın zamanlarda tam funksionallığı ilə istifadəyə veriləcək.
“Biz hal hazırda böyük bir komanda ilə çalışırıq. Burada müxtəlif universitetlərin təcrübəçiləri var və uzun illərdir öz sahəsi üzrə fəaliyyət göstərən peşəkar mütəxəssisləri tərəfindən icra olunur. Eyni zamanda, bizə əlavə dəstək komandası da mövcuddur. Ötən ilin oktyabr ayında İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə 4-cü qrant müsabiqəsi keçirdi. Bizim startapımız bu müsabiqənin qalibi oldu. Hazırda startapımızla bazara daxil olmağa hazırlaşırıq. Startapımızın qlobal hədəfi var. Amma öncə hər bir startap kimi biz də ölkə daxilində başlamalıyıq. Müəyyən bir düzəlişlərimizi etdikdən, inkişaf etdikdən sonra təbii ki, biz dünya bazarına çıxmağı nəzərdə tutmuşuq. Bunun üçün ilkin danışıqlar da aparmışıq. Ümidvarıq ki, ilin sonuna qədər artıq xarici bazarda “Bucard” brendini xarici ölkə vətəndaşları da görə biləcək”, - deyə Ramin Əkbərov vurğulayıb.
AZƏRTAC