AzMİU-nun əməkdaşı “Peşəkar 100 il” idarəçilik marafonunu uğurla tamamlayıb
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin böyük mütəxəssisi, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi Ramin Əkbərov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Peşəkar 100 il” idarəçilik marafonunda iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutan marafon 2 ay davam edib. Mərkəz tərəfindən 100 nəfərdən artıq işgüzar şəxsə ödənişsiz şəkildə idarəçilik təlimləri və ustad dərsləri keçirilib.
Marafonun məqsədi gənc sahibkarlar və menecerlərə Ulu Öndərin zəngin idarəçilik təcrübəsinin çevik, strateji və innovativ tərəflərini aşılamaq, eləcə də yüksək idarəetmə qabiliyyətinə malik güclü kadr potensialının formalaşmasına dəstək olmaqdır.