Əməkdaşlarımız beynəlxalq səviyyəli dil imtahanının ilkin mərhələsində iştirak ediblər
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Əcnəbi dillər kafedrasının ingilis dili və Memarlıq fakültəsinin ixtisas müəllimləri DİM-in nəzdində olan Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi Hazırlıq Mərkəzi olaraq ingilis dili üzrə tədris kvalifikasiyalarından biri olan “Teaching Knowledge Test”in ( TKT) ilkin modulu üzrə imtahan veriblər.
AzMİU ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əməkdaşlığa əsasən həyata keçirilən imtahanda ümumilikdə universitetin 22 müəllimi iştirak edib.
İmtahandan öncə xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən TKT imtahanı vermək istəyən müəllimlər üçün AzMİU-nun daxilində 1 aylıq təlimlər təşkil olunub. Universitetin Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə keçirilən təlim beynəlxalq TKT imtahanlarını uğurla keçən AzMİU müəllimləri Leyla Cumayeva və Rəna Məmmədova tərəfindən aparılıb.
Qeyd edək ki, ilkin TKT Modul 1 səviyyəsinin cavabları 5 həftə sonra onlayn açıqlanacaq, 6 həftə sonra isə sertifikatlar veriləcək. AzMİU rəhbərliyinin qərarına əsasən imtahanı uğurla keçən müəllimlər növbəti imtahana buraxılacaq. Həmin imtahanlar isə mərhələli şəkildə mart və iyun aylarında DİM-də keçiriləcək.